Qırğızıstan Prezident Aparatının əməkdaşları COVID-19-a yoluxub

Dünya

26.06.2020 - 18:20

Aparatın Xarici siyasət şöbəsinin müdirində də koronavirus aşkarlanıb

 

Qırğızıstan Prezident Aparatının əməkdaşlarında koronavirus aşkarlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Aparatın 8 işçisi COVID-19-a yoluxub.

 

Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb ki, Prezident Sooronbay Jeenbekovun rəhbərliyi ilə Moskvaya səfər edən nümayəndə heyətinin iki üzvündə - Aparatın Xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkovda və mühafizə xidmətinin bir əməkdaşında koronavirus aşkarlanıb. Bundan sonra Bişkekdə Prezident Aparatının bütün əməkdaşları testdən keçiriliblər. Testin nəticəsinə görə, koronavirusa yoluxan səkkiz əməkdaş ev şəraitində müalicə ediləcək. Aparatın digər əməkdaşları isə onlayn qaydada işləyəcəklər.

 

Qeyd edək ki, Qırğızıstanda son sutka ərzində 250 nəfər virusa yoluxub. Bununla da koronavirus xəstələrinin sayı 4 min 204-ə çatıb. Ölkədə bu virusa yoluxan şəxslərdən 43-ü ölüb. 

Müəllif: Ayna.az