Ağ Ev planı kifayət qədər ciddi şəkildə nəzərdən keçirir: lakin yekun razılıq hələ əldə edilməyib
Ağ Ev administrasiyası Qəzza zolağından Liviyaya 1 milyona qədər fələstinlinin daimi olaraq köçürülməsi planı üzərində işləyir. AYNA.AZ xəbər verir ki, bu barədə “NBC News” mənbələrinə istinadən məlumat yayıb.
Bir neçə mənbə bildirib ki, Vaşinqton bu planı Tripoli ilə artıq müzakirə edib.
Telekanalın xəbərinə görə, Ağ Ev planı kifayət qədər ciddi şəkildə nəzərdən keçirir, lakin yekun razılıq hələ əldə edilməyib.
Bildirilib ki, ABŞ müzakirələrin gedişatı barədə İsraili məlumatlandırır.
Mənbələr fələstinlilərin məskunlaşdırılması müqabilində ABŞ-ın Vaşinqtonun on ildən çox əvvəl dondurduğu milyardlarla dolları Liviyaya qaytara biləcəyini deyir.
Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurası “NBC News”un sorğularına cavab verməyib və məqalə dərc edildikdən sonra xəbərin həqiqətə uyğun olmadığını bildiriblər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İsrail və HƏMAS arasında müharibəyə son qoymaq planının bir hissəsi olaraq fələstinlilərin Qəzza zolağından köçürülməsini təklif edir. Bildirir ki, anklav ABŞ-ın nəzarətinə keçməlidir.
Fələstin Muxtariyyəti və Ərəb Liqası fələstinlilərin məcburi köçkünlüyünə qarşı çıxıb.