Məqalə Təbrizdə çıxan “Vətən yolunda” qəzetinin 1945-ci il 2 sentyabr tarixli nömrəsində dərc olunub
Səfəvişünas alim Elnur Nəciyev görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın Şah İsmayıl Xətai ilə bağlı məqaləsini üzə çıxararaq, onu əski əlifbadan latın qrafikalı əlifbaya transliterasiya edib.
AYNA.AZ xəbər verir ki, bu məqalə Təbrizdə çıxan “Vətən yolunda” qəzetinin 1945-ci il 2 sentyabr tarixli nömrəsində dərc olunub.
Cəfər Xəndanın məqaləsini ixtisarla oxuculara təqdim edirik:
“Azərbaycan xalqının siyasi-ictimai tarixində görkəmli mövqe tutan dövlət xadimi Şah İsmayıl, eyni zamanda, Xətai təxəllüsü ilə məşhur olmuş bir şairdir. XV qərinənin (əsrin - E.N.) axırları - XVI qərinənin əvvəllərində yaşamış bu böyük sənətkar təxminən 1486-cı miladi ilində (1487 - E.N.) Ərdəbil şəhərində anadan olmuşdur. Şərq tarixində ona Səfəvi dəxi (də - E.N.) deyilir. Çünki o, məşhur sufi Səfiəddin İshaqın nəslindəndir.
Ətraflı
Hələ 15 yaşında ikən sərkərdəliyə başlayan Şah İsmayıl Şirvanı, Bakını, Ərdəbili, Naxçıvanı ələ keçirərək, nəhayət 1502-ci miladi ilində (1501 - E.N.) Təbrizə daxil olur və burada özünü Azərbaycan şahı elan edir.
Cəmi 38 il ömür sürən Xətai Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük xidmət etmişdir. O, hakimi olduğu sarayda Azərbaycan dilini rəsmi dövlət dili elan edərək, hətta Türkiyə (Osmanlı - E.N.) sultanı Süleymanın məktubuna azərbaycanca cavab vermişdir.
Xətai öz dövrünün Həbibi, Şahi, Sərvəri kimi şair, alim, rəssam və nəqqaşlarını ətrafına - saraya toplamışdı. Onun dövründə saray, eyni zamanda, mədəni bir mərkəzə çevrilmişdi.
Xətainin Azərbaycan dilində dörd böyük əsəri vardır: “Divan-e Dəhnamə”, “Nəsihətnamə”, “Mənaqib əl-əsrar” və “Behcət əl-əhrar”. Xətainin şeirləri əksərən sadə, xalqın anlayacağı bir tərzdə yazılmışdır. Məşhur Azərbaycan alimi və tarixçisi Abbasqulu Ağa Bakıxanov bu sözləri heç də təsadüfi söyləməmişdir: “Xətainin türk dilində yazdığı şeirlər indi də xalqın əzbərində yaşayır”. Milli fəxrimiz olan Şah İsmayıl Xətaini Azərbaycan xalqı hər zaman yad edəcəkdir”.