TBMM sədri: “Münasibətləri hər sahədə gücləndirmək üçün parlament diplomatiyasının xüsusi önəmi var”
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb. AYNA.AZ “Anadolu” agentliyinə istinadən bildirir ki, Kurtulmuş TBMM-dəki qəbulda Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə-Azərbaycan ikili münasibətlərinin və əməkdaşlığının daha da inkişafı arzusunda olduqlarını bildirərək, münasibətləri hər sahədə gücləndirmək üçün parlament diplomatiyasının xüsusi önəminin olduğuna inandıqlarını vurğulayıb.
TBMM sədri Kurtulmuş istər parlament, istərsə də digər səviyyələrdə qurulan əməkdaşlıq mexanizmlərinin inkişafına və bu mexanizmlər çərçivəsindəki əməkdaşlığın dərinləşdirilməsinə çalışıldığını qeyd edib.
Görüşdə Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup başqanı vekili Bahadır Nahit Yenişehirlioğlu, AKP sədrinin xarici əlaqələrə məsul köməkçisi, İstanbulun deputatı Zafer Sırakaya, İYİ Partiya qrup başqan vəkili Buğra Kavuncu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri və AKP-nin Konyadan olan deputatı Orhan Erdem, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, Millətçi Hərəkat Partiyasının (MHP) Kayseridən olan deputatı İsmail Özdemir və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak ediblər.
