Birlik quruculuğu yenidən öyrətməliyik...

Cəmiyyət

23.05.2025 - 17:39

Həkimlər Klinikalar SEO Xidməti

Əgər bu yeni Törəni bu gündən yaşatsaq – Gələcəyin tarixini biz yazacağıq...

Tarix – sadəcə öyünmək üçün deyil, unutduqlarımızı xatırlamaq üçündür. Türk millətinin yaddaşı bizə bunu deyir: parçalandığımızda gücsüzləşmiş, birləşdiyimizdə dirilmişik.

Xanlıqlar dövrü – zahirdə dövlətlərin çoxluğu, əslində isə birliyin yoxluğu idi. Qarabağ bir yanda, Gəncə başqa yanda, Naxçıvan öz başına. Ortada nə ortaq bir düşüncə vardı, nə də yurd dərdi. Nəticədə Azərbaycan iki yerə bölündü: Şimal – Rusiyanın, Cənub isə Fars ağalığının tabeçiliyinə keçdi. Amma bu təkcə torpaq itkisi deyildi – biz ruhumuzu, dilimizi, bir-birimizə olan inamımızı da itirdik.

Törəmiz deyir: "Birlikdən dirilik doğar”.

Bu söz – yaddaşın dərin qatlarından gələn və tarixin sükutunda səslənən ilahi bir pıçıltıdır.

Türk tarixinin zəfərləri heç zaman yalnız qılınc gücü ilə qazanılmayıb. Biz düzənlə, təşkilatlanmaq bacarığı ilə, Törəyə sədaqətlə irəliləmişik. Ortaq ruh, ortaq məqsəd, ortaq nəfəs – bunlarsız heç bir zəfər davamlı olmayıb.

İşğal illərində isə bizi mənəvi köklərimizdən ayırmaq üçün zəhərli düşüncələr beynimizə yeridildi. “Sizdə birlik yoxdur”, “Bir-birinizin ayağından çəkirsiniz” – deyə, bizə inandırmağa çalışdılar. “Hərə öz dərdinə yansın” düşüncəsi, fərdçiliyi, laqeydliyi adiləşdirdi. “Biz” deyə danışan, Elini, Yurdunu və Törəsini düşünən adamlar get-gedə azaldı. Düşmən bizi tam yox, amma az qala unutdurmağı bacardı.

Bu gün biz Çölçü törəsini, öz yolumuzu, öz mayamızı yenidən xatırlamalıyıq.

Çünki:

“Ağıllı birlik gücdür, biliksiz birlik isə gic (azğınlıq.)”

Əgər sabah "Turan Birliyi" deyilən böyük gələcək qurulacaqsa, o bu gündən – uşaqlarımızın düşüncəsində formalaşmalıdır. Çünki bizim öz yolumuz, öz yetişdirmə üsulumuz var:

Yallı – addımların, duyğuların, istəyin birləşdiyi və düzənin bir ritmdə birləşdiyi ən qədim toplu çalışma.

Birgə (Xorla) oxumaq – tək (fərdi) səsin birliklə (kollektivlə) uyğunlaşması, bir dalğada var olmaq bacarığı.

Çölçülük – doğada (təbiətdə) sağ qalmağı, yaşamağı, bir qabdan yemək yeməyi, bir ocaq başında isinməyi öyrədən yaşam (həyat) məktəbi, bilik ocağıdır.

Bunlar keçmişin kölgəsi, folklor əyləncəsi deyil – bunlar bizim Törəmizin düşüncə dayaqlarıdır.

Türk dünyasının böyük aydını, Qaspralı bəy boş yerə bu çağırışı etməyib: “Dildə birlik, fikirdə birlik, işdə birlik.”

Bu sözləri şüar kimi deyil, gündəlik yaşamımızın (həyatımızın) ana yolu, yaşam öyüdü kimi qəbul etməliyik.

Unutmayaq:

Gələcəyin Turan Birliyi – bir Yallıda eyni anda addımlayan, eyni dalğada səslənə bilən, hayqırmağı bacaran, bir ocaq başında isinən balalarımızın yetişdiyi çağdaş Törəmizdən doğacaq.

Əgər bu birlik ruhunu bu gündən balalarımızın düşüncəsində qurmasaq, sabah yenə bölünəcək, yenə işğala ediləcəyik.

Əgər bu yeni Törəni bu gündən yaşatsaq – Gələcəyin tarixini biz yazacağıq...

Müəllif: Eltən Törəçi

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş