Əlimizdəki bu “zəka” qutuları bizi insanlıqdan çıxaran ağılsızlıqların mərkəzi olub
Əvvəllər insanlar təbiətin gücündən qorxurdular.
Zəlzələdən, tufandan, yanğından, vəbadan, taun xəstəliyindən əndişə keçirirdilər.
O zaman ölümlər bədəni aparırdı, ruh salamat qalırdı.
Bu gün isə ölüm ruhdan başlayır, öncə baxışlardan, sükutdan, münasibətlərdən, hisslərdən keçir.
Bu günün vəbası nə təbiət qorxusu, nə qara ölüm, nə taun, nə çiçək xəstəliyidir.
Bu günün vəbası ekran aludəçiliyidir.
Telefon vəbasıdır.
Əlimizdəki bu “zəka” qutuları bizi insanlıqdan çıxaran ağılsızlıqların mərkəzi olub.
Hamı yoluxub, xəbərsizik…
Adam yol keçir, elə bil parkdadır, özünü maşının altına atır, xəbəri olmur.
Çünki o, ətrafı deyil, ekranı izləyir.
İnsanlar artıq baxmır ki, scroll edir.
Söhbət etmir, paylaşım edir.
Hiss etmir, bəyənir.
Sevgi də, nifrət də, dua da, nalə də ekranda.
Ata telefona baxır.
Ana telefona baxır.
Uşaq telefonda doğulur.
Daha insani münasibəti yoxdu. Mobil münasibət var.
Uşaq ağlayır, ana ona ekran uzadır.
Dərd var, dostuna yox, “status”a yazırsan.
Toy var, oynamaq yox, “story” atmaq daha vacibdi.
Ölüm var, yasda deyil, meyitin yanında selfidəyik.
Telefon artıq yeni dindir.
Dua bildiriş olub.
Sevgi “görünüb-görünməmə” olub.
Əlaqə “oxundu” və “cavab vermədi” olub.
Uşaqla böyüyün dialoqu emojidir.
Arzular yox olur.
Yuxular ekran işığında çürüyür.
Vecsizlik hakim kəsilir.
Biz artıq telefon istifadəçisi yox, telefonun məhsuluyuq.
Telefon bizi idarə edir, düşüncəmizi, hissimizi, gündəmimizi o seçir.
O nəyi göstərirsə, biz onu danışırıq.
O nəyi gizlədirsə, biz onu unuduruq.
Sirrimiz də ondadır, açığımız da…
Ev yoxdu konum nöqtəsi var
Artıq ailə söhbəti yoxdu.
Evdə hamı bir otaqdadır, amma biri-birindən uzaqdadır. Hamı fərqli ekrana baxır.
Qucaqlamaq yox, “reaksiya” göndərmək var.
Göz-gözə baxmaq yox, kamera linzasından keçmək var.
Həyat bir “bildiriş” qədər oldu.
Bir “şəkil” qədər…
Bir “filtr” qədər…
Ən dəhşətlisi, bu halı normal sayırıq.
Çünki hamı eyni xəstəliyin içindədir.
Kimsə digəri ilə müqayisədə “sağlam” deyil.
Hər kəs yoluxub, susub, davam edir.
İnsanlıqdan robotluğa
Bizi texnologiya öldürmür.
Bizi hiss etməmək öldürür.
Texnologiya insanı gücləndirməliydi, amma biz onun köləsinə çevrildik.
Sosial mediada “dost”ların sayı artdıqca, insan daha çox tənhalaşır.
Telefonlar “smart” olur, insanlar hissini itirir.
İnformasiya boldu, amma məlumatsızıq.
Əlaqə var, ünsiyyət yoxdu.
Təsəvvür edirsinizmi, yaşayışımızı, yaşantımızı…
Bəli, bu, artıq sadəcə bir vərdiş deyil, modern insanlığın kütləvi intiharıdır.
Son sual, xilas yolu varmı?
Bəlkə də, ola bilər.
Amma əvvəlcə xəstəliyi etiraf etməliyik.
Əvvəlcə başa düşməliyik ki, biri-birimizlə yox, ekranla yaşamağa başlamışıq.
İnsan olmaq üçün yenidən qulaq asmaq, danışmaq, susmaq, toxunmaq lazımdır.
İnsan olmaq üçün Wi-Fi yox, ruh gərəkdir.
İnsan olmaq üçün şarj yox, hiss gərəkdir.
Əks halda…
Bir gün tarix kitablarında bilirsiniz nə yazılacaq, yazılacaq ki, onlar bir vaxtlar hiss edirdilər. Sonra telefon gəldi və bütün insanlıq bir toxunma olmadan, susaraq silindi.
İnsanlar könüllü olaraq yox oldular.
Müəllif: Elşad Eyvazlı