Paytaxtda gecə fəlakəti: problem aşkar, səbəb qaranlıqda, nəticə məchul

Aktual

04.04.2022 - 14:47

Elmar Nurəliyev: “Bu problem davam etdiyi müddətcə təhlükə riskləri də davam edəcək”

Sahib Məmmədov: “O cür obyetlərdə qaz xəttinin çəkilməsi və propan qaz balonlarından istifadə qadağandır”

Aprelin 3-də Səbail rayonu ərazisində yerləşən gecə klubunda baş vermiş partlayış zamanı bir nəfər vəfat edib, 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb ki, onların da bəzilərinin vəziyyətinin kiritik olduğu bildirilir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin hadisə barədə yaydığı birgə məlumata görə, xəsarət alanlardan 16 nəfəri xəstəxanalara yerləşdirilib: “Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir. Reanimasiya şöbəsində müalicə alan yeddi nəfərdən üçünün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər beş nəfərin vəziyyəti stabil ağır, dördünün vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

Hadisənin baş vermə səbəbi kimi, ilkin ehtimala görə, propan qaz balonunun partlaması göstərilir. Bəs, təhlükəsizlik qaydalarının pozulması, eyni zamanda obyektə nəzarətin hansı qurum tərəfindən həyata keçirilməlidir? Hansı tənzimləmə mexanizmləri olmalıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev AYNA-ya açıqlamasında deyib ki, çoxmərtəbəli binaların zirzəmilərində fəaliyyət göstərən obyektlərdə, ictimai-iaşə müəssisələrində, insanların sıx cəmləşdiyi məkanlarda qaz təchizatında propan qaz balonlarından istifadə qanunla qadağandır: “Buna səbəb insanların həyat və sağlamlığını təhlükəyə atmaqdan qorumaqdır. Bu cür obyektlərdə propan qaz balonlarının istifadəsi olduqca təhlükəlidir. Qaz balonlarının partlamasının çox böyük dağıdıcı gücə malik olmasını nəzərə almaq lazımdır. Bu cür balonlardan əgər qaz sızması olarsa, 10-15 kvadratlıq otaqda olan hava kütləsinin 2-3 faizi (maye qazda bu, 4-5 faizdir) bəs edər ki, güclü partlayış olsun. Bu da propan qaz balonlarının istifadəsinin nə dərəcədə təhlükəli olduğunu göstərir”.

“İctimai-iaşə müəssisələrində, binaların birinci mərtəbələrində, zirzəmidə fəaliyyət göstərən yerlərdə qaz təchizatı olmur və propan balonların da istifadəsinə icazə verilmir. Təhlükəsiz alternativlər isə məkanı seçəndə nəzərə alınmalıdır. Bununla bağlı geniş konsepsiyaya ehtiyac var. Çünki belə məkanlar bir deyil, beş deyil. Yaxşı olar ki, onlar üçün xüsusi alternativlər təqdim edilsin. O cür xidmətləri satmaq istəyən şirkətlərə doğru yerlər göstərilsin”, - deyə həmsöhbətimiz bildirib.

Mütəxəssisin sözlərinə görə, insanların daha çox cəmləşdiyi məkanlar seçilərkən onlarla, yüzlərlə insanın bir yerdə toplaşacağını, hansısa bədbəxt hadisə zamanı daha çox insanın xəsarət alma ehtimalını nəzərə almaq və buna görə təhlükəsizlik tədbirləri önə çəkilməklə çox ciddi nəzarət mexanizmi yaradılmalıdır: “Nəzərə almaq lazımdır ki, insanların rahat və təhlükəsiz istirahət etməsi üçün ictimai-iaşə obyektlərinin xidmətlərindən yararlanmaq hüquqları var. Ona görə bu məkanlarda təhlükəsizlik tədbirlərinə çox ciddi yanaşılmalıdır. Bu gün Bakıda yerləşən həm yeni, həm köhnə tikili binaların əksəriyyətinin zirzəmisində kafe, çay evləri, dönərxana və s. Kimi ictimai-iaşə müəssisələri fəaliyyət göstərir. Demək olar ki, əksəriyyətində də propan qaz balonlarından istifadə olunur. Bu, nə qədər ki davam edəcək, təhlükə riski də o qədər davam edəcək deməkdir”.

“Buna görə də bu məsələ ilə bağlı geniş konsepsiya hazırlanmalıdır. Bu konsepsiya çərçivəsində bütün obyektlərin – istər ictimai-iaşə müəssisələri, istərsə də insanların daha çox cəmləşdiyi digər məkanların spesifikasına uyğun olaraq təhlükəsizlik konsepsiyası olmalıdır. Həmin konsepsiyada təhlükə riskləri öz əksini tapmalıdır. Önləyici tədbirlər planı hazırlanmalı, bütün bunlar bir-biri ilə əlaqəli, koordinasiyalı olmalıdır ki, bədbəxt hadisələrin baş vermə riski minimuma ensin və ya hadisə baş verərsə də insanlar daha az zərərlə qurtulsunlar”, - deyə Nurəliyev vurğulayıb.

Əlavə edib ki, insanlarda təhlükəsizlik qaydalarına yanaşma dəyişməli, təhlükəsizlik mədəniyyəti formalaşmalıdır: “İcarədarlar, sahibkarlar insanların həyat və sağlamlığını təhlükəyə atmamalı, iş yerlərində təhlükəsiz əmək şəraiti yaratmalıdırlar. Orada çalışan insanların həyat və sağlamlığı üçün təhlükə riskinin olmasına yol verməməlidirlər. Əgər belə bir təhlükə varsa, bu problemlərin həllindən sonra fəaliyyətlərini davam etdirməlidirlər. Onlarla, yüzlərlə insanın bu cür yerlərin xidmətindən yararlandığını nəzərə almalıdırlar”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov da AYNA-ya şərhində söyləyib ki, çoxmərtəbəli binaların zirzəmilərində fəaliyyət göstərən obyektlərə partlayış təhlükəsinə görə qaz xəttinin çəkilməsi ilə bağlı texniki şərt verilmir: “Həmin yerlərdə həmçinin qaz balonlarından istifadə də qadağandır. Bununla bağlı nəzarət orqanının mütəmadi nəzarət həyata keçirmək ixtiyarı var. Qaz təhlükəsizliyi ilə bağlı nəzarət orqanlarının sahibkarlıq subyektlərində yoxlama aparmasına məhdudiyyət qoyulmayıb”.

“Ona görə də əgər həmin obyektdə qaz balonundan istifadə olunubsa, deməli, orada təhlkəsizlik qaydaları kobud şəkildə pozulub. Bunun nəticəsində istehsalatda bədbəxt hadisə baş verib, insan tələfatı olub. Eyni zamanda müxtəlif şəxslərin əmlakına ziyan dəyib. Bununla bağlı da cinayət işi başlanıb”, - deyə ekspert qeyd edib.

Məmmədovun dediyinə görə, çoxbərtəbəli binanın aşağı mərtəbəsi qeyri-yaşayış sahəsidirsə, texniki şərt ümumiyyətlə, verilə bilməz: “Bununla bağlı nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmanın nəticəsindən sonra obyektdə əvvəlcədən yoxlama aparılıb-aparılmadığı məlum olacaq. Texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində ağır hadisə baş verib. Obyektin sahibindən başqa kimlərin günahkar olduğunu təhqiqat müəyyən edəcək. Hazırda kimisə günahlandırmaq düzgün olmaz”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən, hazırda proses araşdırılır və yekunda detallı məlumat veriləcək: “Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb. Proses araşdırılıb, detallı məlumat veriləcək. Nazir Kəmaləddin Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib”.

Onu da diqqətə çatdıraq ki, nə FHN-in, nə də “Azəriqaz”ın mətbuat xidmətlərindən bundan əlavə məlumat əldə edə bildik. Heç bir qurumdan zənglərimizə cavab verən olmadı.

Müəllif: Aləmdə Nəsib