“Zəngəzur dəhlizi layihəsinin icrası davam edir və Türkiyə artıq marşrutun öz hissəsində tikinti işlərinə başlayıb”
Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər başa çatmaq üzrədir. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib.
Nazir qeyd edib ki, “Zəngəzur dəhlizi layihəsinin icrası davam edir və Türkiyə artıq marşrutun öz hissəsində tikinti işlərinə başlayıb”.
Onun sözlərinə görə, Türkiyədə yerləşən 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti üzrə tender keçirilib və tikinti işlərinə başlanılıb. Naxçıvanda təxminən 180 kilometr uzunluğunda dəmir yolu xəttində də işlərin bu il davam etdirilməsi planlaşdırılır.
Uraloğlu vurğulayıb ki, layihənin əsas yarımçıq qalmış hissəsi Ermənistan ərazisindən keçən 41-43 kilometr uzunluğunda Zəngəzur aşırımı olaraq qalır.
Uraloğlu qeyd edib ki, "Azərbaycan hissəsində işlər də başa çatmaq üzrədir və bəzi hissələr artıq tam başa çatıb. Yalnız Ermənistan ərazisindən keçən 41-43 kilometrlik Zəngəzur aşırımı qalıb. Məlum olduğu kimi, bu, bəzən "Tramp dəhlizi" adlandırılır. Biz prosesin ABŞ və Azərbaycan arasında razılaşmalara əsasən orada başlayacağını gözləyirik".
Nazir əlavə edib ki, layihə başa çatdıqdan sonra ümumi uzunluğu 860 kilometr olan nəqliyyat xətti istifadəyə veriləcək ki, bu da Türkiyə, türk dünyası və Orta Asiya ölkələri arasında daha qısa əlaqəni təmin edəcək.