“Nə qədər ki, Azərbaycanda Türkiyənin hərbi bazası qurulmayacaq...”

Aktual

18.11.2020 - 21:00

Hazırda Qarabağda baş verənlər bir məsələnin aktuallığını gündəmə gətirir

 

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalandı. Sənəddə qeyd olunur ki, Azərbaycanın işğal altında olan ərazilərindən noyabrın 15-dək Kəlbəcər (sonradan 10 gün uzadıldı), noyabrın 20-dək Ağdam, dekabrın 1-dək isə Laçın düşmən tərəfindən boşaldılır.

 

Ümumilikdə, Qarabağdan erməni hərbçiləri tamamilə çıxarılır, Laçın dəhlizi ilə Xankəndi arasındakı dəhlizə və Xankəndi, Xocalı, Xocavənd istiqamətində Rusiyanın sülhməramlılarından ibarət təmas xətti qurulur. Razılaşmaya uyğun olaraq, 5 il müddətində sülhməramlılar Dağlıq Qarabağda sülh missiyasını həyata keçirəcəklər, paralel olaraq münaqişənin bundan sonrakı həlli masada müzakirə olunacaq. Eyni zamanda, Qarabağda Türkiyə hərbçiləri ilə Rusiya hərbçilərinin Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərəcək ki, bu mərkəz atəşkəsə nəzarəti həyata keçirəcək.

 

Məsələ burasındadır ki, Ermənistan rəsmiləri tərəfindən müəyyən bəyanatlar, açıqlamalar verilir ki, bu, razılaşmanın mahiyyəti ilə zidiyyət təşkil edir. Məsələn, Ermənistanın Baş naziri bildirir ki, Xankəndi, Xocalı və Xocavənd istiqamətində qondarma qurumun silahlıları qalmalıdırlar. Amma razılaşmada Qarabağın bütün yerlərindən erməni terrorçularının çıxarılması tələbi var. Həmçinin, separatçıların rəhbəri Arayik Arutunyan yenə də özünü “prezident” kimi təqdim edir, Rusiya sülhməramlılarının lideri ilə görüşlər keçirir, “mübarizəyə davam” kimi açıqlamalar verir.

 

Qeyd etdiyimiz kimi, Kəlbəcərin boşaldılması noyabrın 15-dək həyata keçirilməli olsa da, Rusiya tərəfinin Azərbaycandan xahişi ilə bu müddət 10 gün (noyabrın 25-dək) uzadılıb. Səbəb kimi isə bildirilir ki, Kəlbəcər istiqamətindən Ermənistana cəmi bir yol gedir ki, hava şəraiti və yolun dar olması prosesə əngəl olur.

 

Noyabrın 20-dək boşaldılmalı olan Ağdamdan isə qeyri-müəyyən xəbərlər gəlməkdədir. Rusiya mediasının məlumatına görə, Ağdamda yerləşən erməni silahlı birləşmələri mövqelərini tərk etmək istəməyiblər. Buna görə də, Rusiya sülhməramlıları ilə erməni hərbçilər arasında insidentin, hətta silahlı qarşıdurmanın baş verdiyi deyilir. Eynilə Kəlbəcərdəki erməni silahlılarının da Ermənistan mərkəzi hakimiyyətinə tabe olmadığı, partizan qrupları yaratdıqları barədə məlumatlar var.

 

Ermənistan rəsmilərinin Xankəndi, Xocalı, Xocavənd istiqamətində erməni hərbçilərlə rus sülhməramlılarının birgə xidməti haqqında söylədiyi fikirlər, eyni zamanda, Ağdamdakı düşmən yaraqlılarının oranı tərk etmək istəməmələri haqqındakı fikirləri Azərbaycan cəmiyyətində təbii olaraq narahatlıqla dolu suallar yaradır.

Arzu Nağıyev: Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin  yaradılması vaxtında verilmiş qərardır

Mövzu ilə bağlı fikirlərini AYNA ilə bölüşən Milli Məclisin üzvü Arzu Nağıyev deyib ki, Ermənistan tərəfi prosesi idarə edə bilmir. Deputatın sözlərinə görə, erməni radikal silahlı qrupları Ağdam istiqamətindən çıxmaq istəmirlər: “Bunu Rusiya sülhməramlıları bildirirlər. Ola bilsin ki, ermənilərin burada siyasi məqsədləri var. Ermənilər bildirmək istəyirlər ki, guya, sülhməramlılar ciddi düşmənlə üz-üzədirlər. İkinci məsələ odur ki, həmin radikallar mesaj verirlər ki, Qarabağla bağlı üçtərəfli bəyanatla razı deyillər və Paşinyan hakimiyyətinə tabe olmurlar. Onların çıxmamaq səbəblərindən biri bu ola bilər”.

 

Deputatın fikrincə, əraziləri boşaltmaq istəməyən erməni silahlılarının bir məqsədi də odur ki, guya, qondarma qurum uğrunda sonadək mübarizə aparırlar: “Bunu dünyaya göstərmək niyyətindədirlər. Erməni terrorçuların bu kimi niyyətləri baş tutan deyil. 10 noyabr razılaşmasında birmənalı olaraq göstərilib ki, bütün qoşunlar Dağlıq Qarabağ ərazisini tərk etməlidir. Söhbət Ermənistan qoşunlarından və qondarma qurum tərəfindən qeyri-qanuni formalaşdırılmış, separatçıların “müdafiə ordusu” adlandırdıqları silahlı birləşmələrdən gedir. Bu quldurların Azərbaycan ərazisindən Rusiya sülhməramlılarının gəlişi ilə paralel şəkildə çıxmaları həyata keçirilməlidir”.

 

“Ləngimə məsələsi təbiidir. Erməni birləşmələrinin ərazimizdə olan silah-sursatları Ermənistana daşınmalıdır. Məlumatlara görə, Murov və digər istiqamətlərdə olan düşmən postlarında özləri apara bilmədikləri silah-sursatlarını partladırlar. Ermənistana gedən yolda tıxaclar var, hava şəraiti daşınmaya maneə yaradır. Ola bilməz ki, erməni silahlıları sülhməramlıların nəzarətindən kənarda qalsınlar, oradan çıxmasınlar. Əsas məsələ ondan ibarətdir ki, bu barədə məlumatlar siyasi rəhbərliyə ötürüləndə Birgə Monitorinq Mərkəzi hərəkətə keçəcək. Sözügedən mərkəzdə də Türkiyə zabitləri təmsil olunacaq. Düşünürəm ki, Türkiyə hərbçiləri prosesə qoşulandan sonra erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması daha da sürətlənəcək”, - deyə Nağıyev bildirib.

 

Milli Məclis üzvü qeyd edib ki, Rusiya sülhməramlı missiyanı layiqincə yerinə yetirdiyini dünyaya göstərməlidir: “Əsas məsələ ondan ibarətdir ki, qaçqın və məcburi köçkünlər Qarabağa qayıtmalı və Qarabağda olan erməni silahlı qruplaşmaları oradan çıxarılmalıdır. Hesab edirəm ki, bu prosesin tez həyata keçməsində Rusiya daha çox maraqlı olmalıdır”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da AYNA-ya açıqlamasında əminlik ifadə edib ki, erməni silahlıları Ağdam, Kəlbəcər və Laçından çıxarılacaq: “Razılaşmada bildirilir ki, erməni silahlıları Rusiya sülhməramlılarının əraziyə daxil olması ilə paralel həyata keçiriləcək. Onları Rusiya sülhməramlıları, dolayısı ilə Rusiya bölgədən çıxarmalıdır. Erməni silahlılarının Kəlbəcər, Ağdam və Laçından çıxarılmaması Rusiyanın nüfuzuna təsir edə bilər”.

 

“Qaldı ki, Ermənistan rəsmiləri tərəfindən verilən bəyanatlara, qondarma qurumun terror başçısının açıqlamasına, bunlar olacaq. Mən illərdir bildirirəm ki, Azərbaycanda Türkiyənin hərbi bazası yaradılmalıdır. Mən bilmirəm, buna nə mane olur... Məncə, heç bir maneə yoxdur. Sadəcə siyasi qərar verilməlidir, Türkiyənin Azərbaycanda geniş hərbi bazası yaradılmalıdır. Bazanın yaradılması düşmənlərimizi bir çox mənfur əməllərdən çəkindirəcək. Nə qədər ki, NATO üzvü olan Türkiyənin Azərbaycanda hərbi bazası yoxdur, Ermənistan rəsmilərinin bu cür açıqlamaları olacaq, daha da çoxalacaq. İddiaları böyüyəcək”, - deyə politoloq vurğulayıb.

Müəllif: Anar Bayramoğlu