Açılışda türkiyə Prezidenti Quranın Fatihə surəsinin 5 ayətini oxuyub
Bu saatlarda İstabulda məscidə çevrilən Aya Sofyada ilk cümə namazı qılınmağa. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, məsciddə ilk azanı Dini İşlər naziri Əli Ərbaş verib. Ərbaş minbərdə olarkən əlində tutduğu qılınc diqqətləri çəkib. Bununla da, 86 ildən sonra Aya Sofya yenidən məscid kimi fəaliyyətə başlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın da qatıldığı ilk cümə namazı mərasiminə minlərlə istanbullu təşrif buyurub. Bununla yanaşı Türkiyənin bütün nazirləri, dövlət adamları, müxalifət nümayəndələri məscidə cümə namazı qılmağa gəliblər. Minarədə səslənən azandan sonra Prezident Ərdoğan "Quran"ın "Fatihə" surəsinin 5 ayəsini oxuyub.
Aya Sofya məscidinin içərisində yer olmadığı üçün, insanlar namazını məscidin həyətində qılmağa başlayıblar. Vətəndaşlar sübh azanından sonra Aya Sofyanın yerləşdiyi yerə axın ediblər.
Yeri gəlmişkən Aya Sofyanın məscid kimi fəaliyyətə başlamasına dünya provaslavlarından etiraz gəlməkdədir. Bir sıra ölkələrin xristian provaslavları məsələ ilə bağlı etiraz bəyanatı səsləndiriblər. Yunanıstanda isə bu gün emosialar daha da şiddətlənib. Yunanlar bu gün kilsələrə axışıb, etirazlarını bildirirlər.
Qeyd edək ki, 6-cı əsrdə Bizans imperatoru Yustinian tərəfindən inşa olunan məbəd 1453-cü ildə türklər Konstantinopolu fəth edən zaman məscidə çevrilib. 1934-cü ildə Mustafa Kamal Atatürkün qərarı ilə Aya Sofya məscid funksiyasını itirib, sadəcə tarixi abidə statusu qazanıb. Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyanın yenidən məscid edilməsi üçün göstəriş verib. Bundan sonra işlər başlanılıb, qısa zamanda məhkəmə yolu ilə Aya Sofyanın məscid statusu bərpa olunub. Bu gün isə məsciddə ilk cümə namazı qılınıb.