“Türkiyədə çevriliş şəraitində yaradılan və hələ də çevriliş zehniyyətini saxlayan konstitusiya ilə nəyəsə nail olmaq olarmı?"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezidentliyə namizəd olmaq fikrində olmadığını, lakin ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. AYNA.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Macarıstandan qayıdarkən deyib.
"Yenidən namizəd olmaq fikrində deyiləm. Biz yalnız ölkəmizin reputasiyasını necə yüksəldə biləcəyimizi düşünürük. Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni bir dövrdə yaşayırıq. Belə sürətlə dəyişən dünyada köhnə Türkiyədə çevriliş şəraitində yaradılan və hələ də çevriliş zehniyyətini saxlayan konstitusiya ilə nəyəsə nail olmaq olarmı?", Türkiyə lideri qeyd edib.
Ərdoğan əlavə edib ki, sui-qəsdçilərin deyil, mülki şəxslərin təklif etdiyi konstitusiyaya ehtiyac var və rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) yeni Əsas Qanun layihəsinin hazırlanması üzərində işləyir.
Prezident müxalifəti də bu işə qoşularaq komissiya yaratmağa və birlikdə sivil konstitusiya yaratmağa çağırıb.
Müxalifətin növbədənkənar seçki çağırışı məsələsinə toxunan Ərdoğan qeyd edib ki, nə növbədənkənar, nə də aralıq parlament seçkilərinə ehtiyac var.