Konstitusiya Məhkəməsi George Simionun seçkilərin rəsmi nəticələrinin ləğvi ilə bağlı tələbini yekdilliklə rədd edib
Rumıniyanın Konstitusiya Məhkəməsi cümə axşamı ölkənin prezidentliyə məğlub olan namizədi, ifrat sağçı siyasətçi George Simionun seçkilərin rəsmi nəticələrinin ləğvi ilə bağlı tələbini yekdilliklə rədd edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, məhkəmə Simionun şikayətini əsassız hesab edib.
Səsvermənin nəticələrinə etiraz etmək cəhdində Rumınların Birləşməsi üçün Alyans Partiyasının lideri Simion kənardan müdaxilənin olduğunu iddia edib. Eyni zamanda, vurğulayıb ki, Konstitusiya Məhkəməsi məhz bu əsasda onun siyasi müttəfiqi, sağçı populist Kalin Georgeskunun qalib gəldiyi noyabr seçkilərinin birinci turunun nəticələrini ləğv edib.
Mayın 22-də yaydığı bəyanatda Rumıniya Konstitusiya Məhkəməsi Simionun 18 may seçkilərinin ikinci turu ilə bağlı şikayətini araşdırdığını və nəticələrin ləğvi barədə vəsatəti əsassız sayaraq yekdilliklə rədd etdiyini açıqlayıb.
Qeyd edək ki, Simion ikinci turda Avropayönlü müstəqil namizəd, Buxarest meri Nikusor Dana uduzub. Dan 53% səs toplayıb. ABŞ-ın hazırkı prezidenti Donald Trampın qızğın tərəfdarı sayılan və eyni zamanda, Rusiya ilə müharibədə Ukraynaya hərbi yardımın dayandırılmasının tərəfdarı olan Simion 46% səs toplayıb.