Sürüşmə təhlükəsinin olduğu qeyd edilir
Yaponiyanın Cənub hissəsində güclü yağışın yaratdığı sel nəticəsində ən azı 56 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü bildirilir. AYNA xarici mediaya istinadən bildirir ki, 54 nəfər selin qurbanı olub, daha iki nəfər ürək tutması səbəbindən ölü tapılıb. Daşqın təxminən 1000 evə və digər binalara ziyan vurub. Zərərin böyük hissəsi ölkənin Cənub hissəsində - Kyusu adasında baş verib.
İyulun 4-dən bəri Yaponiyada güclü yağış davam edir. Yağış təkcə Kyusu adasından deyil, ölkənin əsas ərazisi hesab olan Honsu adasında da gözlənildiyindən ölkədə təhlükəli rejim elan edilib. Sürüşmə təhlükəsinin olduğu qeyd edilir.
Yapon mediası bildirir ki, 780 mindən çox insan təxliyə edilib. Fəlakət bölgəsinə xilasedicilər və 10 mindən çox qoşun göndərilib. Xilasedicilərlə birlikdə insanlar da selin qarşısının alınmasında iştirak edirlər.