Yeni rekorda cəhd: 11-ci ayın 11-ci günündə 11 milyon ağac əkiləcək

Dünya

02.11.2019 - 21:44

Türkiyədə maraqlı aksiya keçiriləcək 

 

‌Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi maraqlı və ölkə üçün əhəmiyyətli kampaniyaya başlayıb.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Gələcəyə Nəfəs” adlı kampaniyanın məqsədi Türkiyənin 81 rayonunda kütləvi ağacəkmə işini həyata keçirməkdir.

 

Məlumatda bildirir ki, ölkədə meşə yanğınlarından sonra yaşıllıq zolağının azalması bu addımın atılmasını gərəkli edib. Bu, həm Türkiyə, həm də dünyanın bir çox ölkəsi üçün nümunə ola bilər.  

 

Kampaniyanın tarixi, günü, saatı, ağac sayı da maraqlı göstərilib. Belə ki, noyabrın 11-də, saat 11:11-də birgə ağacəkməyə start veriləcək. Kampaniya müddətində 11 milyon ağac əkilməsi nəzərdə tutulub. Əkiləcək ağac sayı ilə Türkiyə Ginnesin Rekordlar Kitabına da imzasını atmağı hədəfləyib.

 

Kampaniyanın ən maraqlı tərəfi isə odur ki, yaşıllıq və təbiətsevərlər internet vasitəsilə də ağacəkmə aksiyasına qoşularaq ağac hədiyyə edə bilərlər. Artıq internet üzərindən kampaniyaya xeyli insan dəstək verib.

 

Müəllif: Raminə Eyvazqızı