O, hakim partiyadan istefa verməklə yeni partiyanın qurulduğunu elan edib
Türkiyənin keçmiş Xarici İşlər naziri və baş nazir köməkçisi Əli Babacan hakim Ədalət və İnkişaf partiyasından istefa verib. AYNA xəbər verir ki, o, bu barədə yazılı açıqlamasında bildirib.
Ə.Babacan yazılı şəkildə verdiyi açıqlamada bunları deyib: "Vəzifədə olduğum vaxtlarda partiyanın quruluş qanun və dəyərlərini həm ölkəmizdə, həm də dünyada inanaraq müdafiə etdim. Türkiyənin tarixi dönüş nöqtələrində, həqiqətlər üçün aparılan mübarizələrin birbaşa içində olmaq mənim üçün şərəf oldu. İnanıram ki, qarşılaşdığımız problemlərin həlli yalnız təmsil gücü yüksək və geniş bir heyətin fəaliyyəti ilə mümkün olacaq. Fəaliyyətimizin müstəqil və azad şəkildə aparılması böyük əhəmiyyət kəsb edir. Bu həqiqətləri nəzərə alsaq, Ədalət və İnkişaf Partiyasında (AKP) üzvlüyümün davam etməsi təəssüf ki, mümkün deyil".
Yeni partiya yaratmaq istədiyini iddia edən Əli Babacan Ədalət və İnkişaf Partiyasının üzvlüyündən istefa ərizəsini mərkəzə təqdim etdiyini açıqlayıb.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın ən yaxın silahdaşlarından olan Əli Babacan Ədalət və İnkişaf Partiyasının qurucularından biridir. Onun 18 ildən sonra AKP-dən ayrılmasına səbəb kimi fikir ayrılığı göstərilir.
Ə.Babacan ötən gün sabiq prezident Abdullah Gül ilə yeni partiya quracaqlarını bəyan etmişdi. O, hakim partiyadan istefa verməklə yeni partiyanın qurulduğunu elan edib.