Qonşu qız

Mədəniyyət

15.08.2021 - 22:20

Sənə oxunan layla səsinə mən yuxudan oyanardım

 

Tanrı bizi hələ doğularkən ayırdı. Mən torpağın yenicə qızınmağa başladığı günəşli yaz səhərində dünyaya göz açdım, sən payızın qışa qucaq açdığı buludlu gecədə doğuldun. Fəsillərin ayrı-ayrı qütblərində salamladıq bir-birimizi. Məni valideynlərim bələyib qapıdan çıxaranda, sən ananın bətnində təzəcə qədəm basırdın divarları uçuq kənd xəstəxanasına.

 

Gözümüzü açanda başqa-başqa eyvandan boylanırdıq dünyaya və evinizin pəncərəsi bizim həyətə söykənmişdi. Sizin damın kölgəsində qalardı bizim ev və sən Günəşin parıltısından, mən nəmişlik qoxusundan qidalanırdım. Qonşu olduğumuzdan xəbərsiz ayrı-ayrı ocaqlarda böyüyürdük və özümüzdən başqa hər kəs tanıyırdı bizi. Tez-tez ağlayardın, sənə oxunan layla səsinə mən yuxudan oyanardım, qonşu qız.

 

Ancaq sən daha tez ayaq açmışdın. Mən birinci dəfə həyətə çıxanda sən qumda oynayardın ilk oyuncaqlarınla. Boyun məndən bir az uzun idi. Məndən böyük olduğunu düşünər, qorxardım səndən, sən isə ilk ismətini nümayiş etdirib ürkərdin bir az.

 

Bizi məktəbdə də ayırdılar. Mən boyumdan bir qarış yuxarı, sən özündən bir yaş aşağı uşaqlarla oxuyurdun. Mənim yazın sonunda məktəbə qaytardığım kitabları növbəti il sənə verərdilər. Vərəqləri qopmuş kitablara görə söydüyün həmin uşaq mən idim, qonşu qız.

 

Böyüdükcə daha çox uzaqlaşdıq. Tələbə olduq, ayrı-ayrı şəhərlərdə başqa-başqa ixtisasları öyrəndik. İndi daha gec rastlaşırdıq. Bir-birimizi görmək üçün ildə iki dəfə şans vermişdilər bizə, onun da birində kəndə sən gəlməzdin soyuq olduğu üçün, mən isə ehtyaclarıma boyun əyib yayda işləyərdim. Bilirsənmi, hər semestersonu kəndə tez gəlmək üçün nə qədər imtahandan kəsilmişəm, qonşu qız?

 

Mənim təhsilimə çörək ağacı, sənin diplomuna cehiz kimi baxdılar. Beləcə məni hərbi xidmətə, səni ər evinə yolladılar. Bax o zaman bizi sonuncu dəfə ayırdılar. Mən əsgərlikdən qayıdanda sənin bir qızın da var idi. Zaman ikimizi də aldatdı, bizə aid olan saədətə çatana qədər başqalarına nəsib olduq.

 

Ancaq heç vaxt qonşu olmağımıza əngəl ola bilmədilər. Tale bizi ayrı-ayrı ocaqlarda ən yaxın qonşuluqdan məhrum etmədi. Sən tikanlı məftillərlə çəpərə alınmış bir bağın içindəsən indi. Əlimi uzatsam, qollarım, keçməyə çalışsam, ayaqlarım qanayacaq. Heç nə dəyişməyib sanki. Bir az aşağı boylan, sən yaşadığın çoxmərtəbəli binanın kölgəsində qalıb mənim otağım və hər axşam burdan pəncərənə şeir yazıram. Mənim məhəbbətimlə böyüyürsən hələ də. Körpənə oxuduğun layla isə… Bu gün həmin səsə oyandım, qonşu qız…

Müəllif: Xəzər Əlizadə