“Qazağa” gedin, “Qazaxa” yox

Xəbərlər

25.05.2024 - 22:44

Dilin ənənələrinə sayğı göstərilməlidir

“Qazağa gedirik” deyirik minillərdir.

Kim “Qazaxa” deyirsə, bilin ki, bilmədən deyir.

Bilərək deyənlər isə… 

Yazılı ədəbiyyatın Qazaxda doğulmuş ən böyük nümayəndələri – Vidadi, Vaqif, Kazım ağa Salik, Əbdürrəhman ağa Dilbazi oğlu, Hacırəhim ağa Vahidi, Abbas ağa Nazir, Şahniyar ağa Rançur, Hacıkərim Sanılı, Abdulla bəy Divanbəyoğlu, Mədinə xanım Qiyasbəyli, Əhməd Seyidov, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Səməd Vurğun, Mehdi Hüseyn, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Teymur Bunyatov, İsa Hüseynov, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu və bu mahaldan çıxmış yüzlərlə alim, həkim və aydınlar ordusu son zamanlar anlamsız polemikalara səbəbiyyət verən dilçilərdən azmı bilirdilər?

Onlar orfoqrafiya qaydası bilməzdilər, çoxlarının zamanında heç elə anlayış belə yox idi. Amma onlar analarının dilində, eşidikləri, duyduqları, hiss etdikləri kimi danışırdılar…

Bəzi dilci alimlər özlərindən “velosiped ixtira edərək” qulağımıza yad gələn variantlar, minillik danışıq və alışqanlıqlarını zorlayan təkliflərdə bulunurlar. Və istinad edəcəkləri mənbə də illərdir elə onların özləri tərəfindən təcavüzə məruz qalan, üstündə min cür hoqqalar çıxarılan Azərbaycan dilinin orfoqrafiya normalarıdır. 

Alimlərdən biri mənbəyə müraciət edərkən belə deyir: “Lakin Azərbaycan dilinin orfoqrafiya normalarında “x” samiti ilə bitən çoxhecalı yer adlarının yazılışı ilə bağlı ayrıca bənd yoxdur”.  Əgər təkhecalı toponimlərdə, məsələn, Qax adında “x” hərfi “ğ”yə keçmirsə və əgər çoxhecalı adlar üçün ayrıca bir bənd yoxdursa, onda niyə Qazax və ya Yevlax kimi yer adları üçün yenidən “Amerika kəşf edib” eksperiment aparırsız? Bunun üçün o bölgənin tələffüzzünə niyə hörmət etmirsiz, siz yuxarıda adını çəkdiyim münəvvər və aydın ordusunu ciddiyə almır, niyə Qazax və Yevlax camaatına saymamazlıq edirsiz?...

Halbuki dilci alimin edəcəyi tək bir şey var: Oturub çoxhecalı yer adları üçün ayrıca bir bənd yazmalı, sonra o bəndi Azərbaycan dilinin orfoqrafiya normalarına salmağa nail olmalı və nöqtəni qoymalıdır. Alimin işi də bu olmalıdır – hazırladığını tətbiq etməli, dilimizin xüsusiyyətlərini, zənginliklərini qoruyaraq onu normalarla möhkəmləndirməlidir. Və əsası da dilin ənənələrinə sayğı göstərməlidir…

Əks təqdirdə, bir gün Qazağın aydınları toplanıb petisiya imzalayacaqlar…

Müəllif: İbrahim Nəbioğlu