Avropa Şurası Azərbaycan mediasında gender bərabərliyi ilə bağlı növbəti layihəyə başlayıb

Xəbərlər

07.11.2019 - 09:23

AŞ mediada gender bərabərliyini təşviq edir

 

“Azərbaycanda Avropa Şurasının ölkə üzrə 2018-2021-ci illər üçün Fəliyyət Planında əsas 3 məsələ var. Bu insan hüquqları və ləqayət, gender bərabərliyinin təşviqi, qanunun aliliyi və medianın möhkəmləndirilməsidir".

 

Bunu Avropa Şurasının( AŞ) Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes təşkil olunan tədbirdə deyib.

 

“Azərbaycan mediasında gender bərabərliyi və etik standartların təşviqi” layihəsinin təqdimat konfransında bildirilib ki, məqsəd media sektorunda qadınların məşğulluğunun detallı statistikası da daxil olmaqla genderə dair məlumat bazası hazırlamaq, bu sahədə beynəlxalq təcrübəni öyrənmək və tətbiq etməkdir.

 

Çıxış edən layihə rəhbəri Pərvanə Bayramova məlumat verib ki, 18 ay ərzində icrası nəzərdə tutulan layihə çərçivəsində tək Bakıda deyil, regionlarda da bir çox tədbirlər keçirilib: “Daha çox cənub bölgəsində apardığımız təşviqat kampaniyaları artıq bəhrəsini verib, gender məsələsinə münasibətdə fikir formalaşıb.

 

 Eləcə də, dövlət və QHT sektoru nümayəndələri ilə birgə məsləhətləşmələrimiz davam edir. Birgə əməkdaşlıq çərçivəsində medianın dəstəyi ilə gender balansı yaratmaq, müxtəlif sahələrdə gender bərabərliyinin təminatına köklənmək missiyasını davam etdiririk".

 

Çıxış edən müstəqil ekspert Ələsgər Məmmədli gender bərabərliyi sayəsində beynəlxalq standartlardan danışıb. JUHİ-nin sədr müavini və eləcə də “Gender bərabərliyi və media bələdçisi” kitabının müəlliflərindən Müşfiq Ələsgərli, bu mövzuda gənc və tələbə jurnalistlər üçün kurikulumun müəllifi ekspert Aynur Bəşirova isə dərsliklərin əhəmiyyətini sadalayıblar.

 

Qeyd edək ki, təqdim olunan layihənin dəyəri 260 min avrodur.

 

Müəllif: Raminə Eyvazqızı