"Mişa, gəl" deyən xalq onun arxasından qaçdı? - "Mişa, get" deyən Qərb də həmçinin

Dünya

15.02.2022 - 10:19

Samirə Bayramova: "Ölkədə ciddi siyasi böhran hökm sürür, vəziyyət hər an dəyişə bilər və artıq xalq da çox ümidsizdir"

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin məhkəməsi keçirilir. Fevralın 4-də Tiflis Şəhər Məhkəməsində keçirilən ilk prosesdə siyasətçi hüquqlarının pozulduğunu deyib. Saakaşvili məhkəmə iclasında səhhətinin pisləşməsindən şikayətlənib və şəxsi həkimin onunla görüşməsinə icazə verilməsini istəyib.

Sabiq Prezident səhhətinin pisləşməsinə baxmayaraq, onu müayinə etmək üçün həkimlərə icazə verilmədiyini söyləyib: "Beş həftədir ki, Nyu-Yorkdan gələn şəxsi həkimim Nika Kipşidze məni müayinə edə bilmir. Bunun üçün hər gün aidiyyəti qurumlara müraciət edir". 

"Bərbəri yanıma bir günə buraxdılar, lakin həkimi buraxmırlar. Bu, İvanişvilinin (Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili - red.) göstərişidir. Mənim hipertoniya ilə bağlı ciddi problemlərimin olduğu, qan azlığımın olduğu bir vaxtda beş həftədir ki, həkimimin məni müayinə etməsinə imkan tanınmır", - deyə o vurğulayıb.

Məsələ ilə bağlı Saakaşvilinin vəkilləri məhkəmədə vəsatət qaldırıblar. Lakin hakim Nino Çaxnaşvili təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib.

Qeyd edək ki, uzun illər mühacir həyatı yaşayan Saakaşvili ötən il oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Bundan əvvəl keçmiş Prezident bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Qelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Eyni zamanda, o, 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” teleşirkətinin soyğunçuluğu və dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində iştirakda ittiham olunur.

Bu işlərə hələ də məhkəmələr tərəfindən baxılır. Gürcüstan hakimiyyəti Saakaşvilini azad etməkdən imtina edir. Baş nazir İrakli Qaribaşvili bildirib ki, sabiq Prezident uzun müddət həbsdə qalacaq.

Maraqlıdır ki, gürcü cəmiyyətində məhkəməsi gedən sabiq ölkə başçısına dəstək hiss edilmir. Hüquqlarının pozulduğunu iddia edən Saakaşvilinin hüquqlarının müdafiəsi ilə bağlı Gürcüstan ictimaiyyətinin hansısa ciddi addımlarının şahidi olmuruq. Sadəcə lideri olduğu Vahid Milli Hərəkat Partiyasının nümayəndələri və fəalları məhkəmə günlərində piketlər keçirməklə etirazlarını bildirirlər. 

Saakaşvilinin yaxşı münasibətdə olduğu Qərbdən, Qərbdəki təşkilatlardan da Gürcüstan hökumətinə qarşı ciddi təzyiqlər müşahidə edilmir. Belə demək mümkündürsə, "Mişa" ləqəbli keçmiş Prezident siyasi səhnədən silinməkdədir.  

Gürcüstanda yaşayan hüquq müdafiəçisi, ictimai fəal Samirə Bayramova baş verənlərlə bağlı AYNA-ya açıqlamasında deyib ki, bu ölkənin ictimai sektoru məhkəmələrin ədalətsizliyindən və artıq azadlığını itirdiyindən xeyli vaxtdır danışır: "Bidzina İvanişvilinin şəxsi vəkili, hansı universiteti oxuduğu bəlli olmayan şəxs ömürlük hakim seçilib və eyni zamanda, sistemə yaxın bir çox şəxslər hakim və prokrordur. Hətta qeyd edim ki, bir neçə il bundan əvvəl tanınmış hakimlərdən biri ölkəni tərk etdikdən sonra işdən çıxmaqla bağlı ərizə yazdı. Bütün bunlar “azad məhkəmə” sistemində nələrin baş verdiyini və ordan nə kimi gözləntilərimizin olduğunu deyir. Amma bu, o demək deyil ki, Saakaşvili də tamamilə günahsızdır və məhkəmə ona bəraət qazandırmır".

"Son illərdə Saakaşviliyə qarşı ciddi inamsızlıq vardı, onun fikirlərini ciddiyə almırdılar. Buna səbəb onun hər seçkiqabağı "Gürcüstana gəlirəm" deməyi əsas vermişdi və hər dəfə gəlmədikcə, onun digər şərh və fikirlərinin də kəsəri itdi", - ictimai fəal bildirib.

Hüquq müdafiəçisi vurğulayıb ki, Saakaşvili Gürcüstana qayıtdı və zədələnmiş etibarını qazanmağa başladı: "Onun ölkəyə girişi və bundan dövlətin xəbərinin olmaması dövlət institutlarına qarşı ciddi inamasızlıq formalaşdırmış oldu. Eyni zamanda, yüksək vəzifəli şəxslərin, Baş nazir və hakim Gürcü Arzusu Partiyasının rəhbərinin məsələyə rişxəndli münasibəti, hadisənin yalan olması ilə bağlı şərhləri və Saakaşvilinin real kadrları keçmiş Prezidentin xeyrinə işlədi. Həbsi və həbsdə olduğu müddətdə məhbusa qarşı qeyri-etik davranış və hüquq pozuntuları ictimai sektoru qıcıqlandırdı və onlar dövləti ədalətli, humanist olmağa çağırdı. Həmin dövrdə QHT-lər və Qərb təşkilatları, eyni zamanda, bəzi dövlət nümayəndələri Gürcüstan hakimiyyətini qanun çərçivəsində hərəkət etməyə çağırdı". 

"Gürcüstanın Dövlət İnspektoru və Xalq Müdafiəçisi ofisi olduqca aktiv çalışırdı. Dövlət inspektorunun dövləti hümanizmə, ədalətsizliyə son qoymağa çağırması onlara baha başa gəldi və parlamentdə təcili qərar qəbul olunaraq Dövlət İnspektorluğu ləğv olundu. Ofis Gürcüstanda insan hüquq pozuntuları və şəxsi məlumatların qorunması istiqamətində fəaliyyət göstərən güclü qurum idi", - deyə Bayramova əlavə edib.

Həmsöhbətimizin sözlərinə görə, son günlər artıq Saakşaviliyə və onun partiyasına qarşı diqqət və dəstək azalıb: "Bunun bir çox səbəbləri ola bilər. Bunlardan bəziləri partiyadaxili çəkişmələr, partiya rəhbərinin savadlı olmaması, siyasi şərhlərdəki nöqsanları və keçmiş hakimiyyətin məhkəmədə açıqlanan qeyri-qanuni davranışlarıdır. Məsələn, gürcu politoloqlarından biri öz "Facebook" səhifəsində belə maraqlı status yazmışdı:

“Mişa həbsdədirsə, buna görə məsuliyyət bölüşdürülür (aşağıdakı ardıcıllıqla):
1. Bidzina İvanişvilinin rejimi;
2. Mişanın özü (bir halda ki, gəlməyə qərar verdi);
3. Xalq (hansı ki “Mişa, gəl” deyə qışqırdı.

Mişanın həbsdə oturmasında bu üç nəfərdən başqa heç kimin günahı yoxdur. Ümumiyyətlə, günah gürcü cəmiyyətindədir ki, “Gürcü arzusu”nu seçib və bundan sonra da dözməyə davam edəcək"".

Beynəlxalq qurumların susqunluğuna gəlincə, hüquq müdafiəçisi ehtimal edir ki, Qərb Gürcüstan dövləti ilə toqquşmaq istəmir: "Çünki Gürcüstan dövləti və cəmiyyəti rusiyayönümlü olmağa başlayıb. Ona görə də bu sistemlə daha sakit və dözümlü davranmaq məcburiyyətində qalıblar".

"İndi nə baş verir və bütün bunlar necə başa çatacaq? Bunları demək çox çətindir. Çünki ölkədə indi ciddi siyasi böhran var və hər zaman vəziyyət yaxşıya və pisə doğru dəyişə bilər. İndi Gürcüstan xalqı da çox ümidsizdir. Deyərdim ki, xalq hətta mübarizə aparmaqdan da yorulub", - deyə S.Bayramova vurğulayıb. 

Əlavə edib ki, istənilən halda baş verənlər bütün mahiyyəti ilə Saakaşviliyə dividend qazandırır: "Mişa ölkəyə gəlməsəydi, qalan etibar və dəstəyini itirəcəkdi. Hesab edirəm ki, bir neçə aydan sonra onun məhkəmə prosesi başa çatacaq və ona böyük cərimə kəsiləcək. Ukrayna ətrafında baş verən hadisələrin də axarı onun taleyi üçün çox önəmlidir. Bəlkə də əksi ola bilər - o, həbsdə qalacaq. Amma yenə də bu, bütün hallarda onun üçün uğurlu bir seçim idi".

Müəllif: Anar Bayramoğlu