ABŞ və Böyük Britaniya Ukrayna ilə bağlı diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər
ABŞ dövlət katibi Marko Rubio və Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper telefon danışığı zamanı Ukrayna münaqişəsinin diplomatiya yolu ilə həlli istiqamətində səyləri davam etdirmək barədə razılığa gəliblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuata açıqlamasında qeyd edilib.
“Dövlət katibi və xarici işlər naziri Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq və danışıqlar yolu ilə davamlı sülhün bərqərar olması üçün diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər”, - deyə vurğulanıb.
Qeyd olunub ki, Rubio və Kuper Ukrayna ilə yanaşı, Yaxın Şərq münaqişəsini də müzakirə edib, ABŞ Prezidenti Donald Trampın planını həyata keçirməklə Qəzza zolağında müharibəyə son qoymağın vacibliyini vurğulayıblar.