Ukraynanın Avropaya inteqrasiyası prosesi müzakirə edilib
Ukrayna Prezidenti Volodimir Zelenski Madridə səfəri zamanı Avropa Şurasının prezidenti Antonio Kosta ilə görüşüb. AYNA.AZ xəbər verir ki, Zelenski bu barədə rəsmi “Telegram” hesabında bildirib.
Zelenski və Kosta Ukraynanın Avropaya inteqrasiya prosesini və Avropa İttifaqına (Aİ) üzvlük danışıqları üçün danışıqlar qruplarının təcili açılmasını müzakirə ediblər.
Zelenski yazıb: “Bu ilin sonuna qədər bütün danışıqlar qruplarını açmaq, daha sonra gələn il danışıqlar bölmələrini bağlamaq və üzvlüyümüzü sürətlə irəli aparmaq üçün çalışırıq. Bütün prosesi həqiqətən sürətləndirə biləcək yeni ideyalarımızı müzakirə etdik. Razılaşdıq ki, António hər şeyi Ursula fon der Leyen ilə müzakirə edəcək”.
Zelenski Kostaya Əbu-Dabidə üçtərəfli görüşə hazırlıqla bağlı Amerika tərəfi ilə söhbəti barədə də məlumat verib.
"Ukrayna həmişə Avropanın danışıqlar masasında olmasının tərəfdarıdır. Təhlükəsizlik zəmanətləri və Ukraynanın iqtisadi dirçəlişi məsələsinə gəldikdə, bunu Avropa nümayəndələri olmadan müzakirə etmək mümkün deyil. Antonio isə bu mövqeyi dəstəkləyir", - deyə Ukrayna lideri bildirib.
Xatırladaq ki, 4 noyabr axşamı Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqlarına hazırlıq məsələlərini müzakirə edib.