İlham Əliyev: "Əgər Ermənistan yeni müharibə istəyirsə, bunun onlar üçün faciəvi fəsadları olacaq"

Xəbərlər

16.06.2022 - 12:36

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

“Əminəm ki, Qlobal Bakı Forumunda həmişəki kimi məhsuldar müzakirələr aparılacaq”. AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib. Prezidentin sözlərinə görə, tədbir iştirakçıları aktual məsələlər üzrə açıq və səmimi müzakirələrə öz töhfələrini verəcək, fikir mübadiləsi aparacaq, ən aktual qlobal məsələlərlə bağlı yeni yanaşmalar işləyəcəklər: “Bu illər ərzində forum ən qabaqcıl institutlardan birinə çevrilib. Bu il forumda 50-dək ölkədən nümayəndələr iştirak edir ki, bu da ötənilki ilə müqayisədə qat-qat çoxdur. Bu, platformanın nə dərəcədə əhəmiyyətli olmasını göstərir. Yeni yanaşmaların işlənib hazırlanması heç vaxt olmadığı qədər əhəmiyyətlidir”.

Ölkə başçısı bildirib ki, dünya dəyişir, bəzən həll yollarını tapmağa lazım olan müxtəlif fikirlərin toqquşması baş verir: “Qlobal forum müxtəlif tərəflərin fikirlərini bir araya gətirməyə imkan verəcək. O, dünyanı necə daha təhlükəsiz etməyi, aparıcı maliyyə institutlarının rolunun nə olduğunu, o cümlədən ərzaq böhranını, ərzaq böhranı nəticəsində miqrasiyanın artması məsələsini müzakirə etməyə imkan verəcək”.

Dövlət başçısı deyib ki, bütün bu çağırışlar dəyişir, heç nə daimi deyil.

Forumda Prezident ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışdığını vurğulayıb: “Azərbaycan müharibədə qalib gəldi. Bu müharibə beynəlxalq hüququ, ədaləti bərpa edən müharibə idi. Bu gün biz əməkdaşlıq qurmaq istəyirik. Ermənistanla münasibətlərin normallaşdırılması təklifini biz etmişik”.

Prezident həmçinin çıxışı zamanı Qarabağ münaqişəsinin həll olunması region üçün imkan olduğunu diqqətə çatdırıb: “Bu, unikal imkandır. Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazda inteqrasiyanı pozmuşdu. Hazırda bu vəziyyəti düzəltmək üçün imkan yaranıb”.

Prezident qeyd edib ki, Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir: “Bizim üçün bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”.

İ. Əliyev Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğunu vurğulayıb.

Ölkə başçısı Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verərkən bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlib: “Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik. Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb”.

İlham Əliyev bildirib ki,  bizim Qafqaza baxışımız regionda əməkdaşlıq, inteqrasiya və sülhdür: “Azərbaycan bu istiqamətdə ilk addımı atmaq üçün artıq öz təkliflərini irəli sürüb və bu məsələni Gürcüstan tərəfi ilə müzakirə edib. Gürcüstan hökuməti dialoqu başlatmaq üçün Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyir. Lakin Ermənistan tərəfi bundan imtina edir. Bunun səbəbini bilmirəm və heç bir əsaslı izah tapa bilmirəm.

“Bildiyim qədər, hətta Avropa institutlarından biri də bu təkliflə çıxış edib, amma yenə də rədd cavabı verilib. Əgər Ermənistan sülh istəmirsə, bəs nə istəyir? Əgər yeni müharibə istəyirsə, bunun onlar üçün faciəvi fəsadları olacaq”, - deyə dövlət başçısı çıxışı zamanı vurğulayıb.

Ölkə başçısı deyib ki, Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq.

Prezidentin sözlərinə görə, tarix baxımından Azərbaycanın buna daha çox haqqı çatır: “Çünki ötən əsrin tarixi göstərir ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 6 ay sonra – 1920-ci ilin noyabr ayında sovet hakimiyyəti ölkəmizin tarixi ərazisi olan Zəngəzuru bizdən alıb Ermənistana birləşdirib. Bu səbəbdən, əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Çünki bu ərazinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”.

Azərbaycan lideri diqqətə çatdırıb ki, bu yol dalana dirənir: “Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”.

Prezident bildirib ki, Azərbaycan Konstitusiyası ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır:  “Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali Azərbaycanda ən böyük milli azlıq deyil. Konstitusiyamız ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır”.

“Lakin, təəssüf ki, Ermənistan hökumətindən qondarma Dağlıq Qarabağın statusu barədə bəyanatlar eşidirik, bu isə həm səmərəli deyil, həm də Ermənistanın özü üçün təhlükəlidir. Ermənistan hökuməti tarixi yenidən yazmaq cəhdlərindən əl çəkməlidir. Tarix artıq yazılıb”, - deyə dövlət başçısı diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirdə Gürcüstanın Prezidenti Salome Zurabişvili, Albaniya Prezidenti İlir Meta, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç və digər ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş