Güclü duman Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub
Bakının hava limanında əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən AZAL-ın Nyu-York-Bakı reysini yerinə yetirən təyyarəsinin kapitanı Gəncənin hava limanına eniş etmək qərarına gəlib.
AYNA AZAL-a istinadən bildirir ki, “Boeing 787 Dreamliner” təyyarəsi yerli vaxtla saat 07:33-də Gəncənin hava limanına uğurlu eniş edib.
Reysin sərnişinləri hava limanının terminalında yerləşdirilmiş, yemək və içkilərlə təmin olunublar.
Hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Gəncədən Bakıya Bakı vaxtı ilə 10:01-də uçub.
Qeyd edək ki, güclü duman həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi reyslərin gecikməsinə səbəb olub. Lakin hazırda Bakının hava limanı normal qrafik əsasında işləyir.