“İnhisarçı provayderlər internet məkanını əllərində saxlamaqla, qiymətin ucuzlaşmasına, xidmət səviyyəsinin yüksəlməsinə imkan vermir”
Böyük Britaniyanın aparıcı genişzolaqlı internet təminatçısı “Cable” 2019-cu il üzrə açıqladığı hesabatda (Worldwilde broadband speed league-2019) dünya ölkələrində internetin sürətini açıqlayıb. Təəssüf ki, ölkəmiz bu siyahıda da ürəkaçan pillədə qərarlaşmayıb.
Belə ki, Azərbaycan 3.1 Mbps sürətlə, ötən illə müqayisədə 6 pillə geriləyərək, 207 ölkə arasında 141-ci yerdə qərarlaşıb. Bizdən öndə Zambiya, arxada isə Burundi yer alıb.
Region ölkələrinə gəlincə, mənzərə belədir:
Rusiya: 14.89 Mbps, 54-cü yer,
Gürcüstan: 7.14 Mbps, 88-ci yer
Türkiyə: 5.35 Mbps, 102-ci yer,
Ermənistan: 4.85 Mbps, 110-cu yer
Qazaxıstan: 4.66 Mbps, 113-cü yer,
İran: 4.39 Mbps, 118-ci yer…
Qeyd edək, sürətli internetə görə, Tayvan 1-ci, Sinqapur 2-ci, Britaniyanın Cersi əyaləti 3-cü, İsveç 4-cü, Danimarka 5-ci pillədə qərarlaşıb.
Qeyd olunan hesabat həqiqəti əks etdirirmi? Elədirsə, Azərbaycanın bu sahədə ildən-ilə geriləməsi nə ilə bağlıdır? Nədir bizim insanımızın sürətli internetə çıxışını əngəlləyən?
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz AYNA-ya açıqlamasında, sözügedən hesabatın reallığı əks etdirdiyini deyib: “Əsas səbəb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin öz işini qüsurlu qurması ilə bağlıdır. Belə ki, internet xidməti ilə bağlı ölkədə əsas yük iki dövlət provayderinin – “Aztelekom” MMC və “Baktelekom” MMC-nin üzərinə qoyulub. Bu da ölkədə azad rəqabətə zərbə vurur və özəl provayderləri sıxışdırıb çıxarır. Özəl provayderlərə dövlətə məxus rabitə quyularından, ötürücülərdən istifadəyə icazə verilmir. Hətta İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin haqsız rəqabət şəraiti yaratdığını açıqlayıb”.
Ekspert bildirib ki, “Aztelokom” regionlarda, “Baktelekom” isə Bakı üzrə inhisarçılıqla məşğuldur: “40-a yaxın provayderin işi kölgə altındadır. Balakən, Xacmaz, Abşeron, Gəncə və Sumqayıtda internetin keyfiyyətindən hər gün kifayət qədər şikayətlər alırıq. Xaçmaz rayonunda fəaliyyət göstərən yeddi provayderdən heç biri qalmayıb, bölgədə yalnız "Aztelekom" fəaliyyət göstərir. Axı dövlət öz provayderləri ilə istədiyi xidməti göstərə bilməz, axı buna resursları da kifayət etmir”.
“Bir neçə gün əvvəl Sumqayıt Ərazi İqtisad Məhkəməsində provayder şirkəti olan "Avirtel"in "Aztelekom" MMC-yə məxsus Abşeron Telekommunikasiya Qovşağına qarşı iddiasına baxılmasına başlanılıb. Provayder "Aztelekom"u "abunəçiləri oğurlamaqda", yəni vətəndaşların icazəsi olmadan internet trafikini öz xidmətlərinə keçirməkdə ittiham edir. Cavabdeh tərəf "Avirtel"dən, təkcə Abşeronda 1300 müştəri “oğurlayıb”. Məqsəd də internet xidmətini tək əldə cəmləyib, qiymətini yuxarı tutmaqdır”, - O.Gündüz vurğulayıb.
İnformasiya texnologiyaları (İT) üzrə mütəxəssis Araz Ağayev də AYNA-ya açıqlamasında ölkədə internet xidmətinin zəif, qiymətinin baha oldğunu deyib: “İnternetin gücü məsələsində əsas məqam müştərinin ödənişi ilə bağlıdır. İri şirkətlər internet, kommunikasiya xidməti və dəstəyi üçün lazım olan ödənişi etdiyindən, onlarda bu sahədə problem olmur. Nəticədə düşünürlər ki, bütün ölkədə vəziyyət yaxşıdır. Halbuki, elə deyil. Axı kiçik sahibkarlar, sıravi vətəndaşlar bahalı xidmət üçün pul ödəyə bilmirlər”.
“Ölkədə bu sahədə azad rəqabət də yoxdur. İnhisarçı provayderlər var ki, internet məkanını əllərində cəmləyib, başqa provayderləri meydana buraxmır. Yaxud həmin inhisarçı provayderlər, “xoşa gəlinməyən” sayt, internet resurs olarsa, bloka salır. Ümumilikdə, monopoliyanın əsas məqsədi internetin qiymətini yüksək saxlamaqdır”, - deyə A.Ağayev əlavə edib.