Ermənistanla Rusiya arasında “xəyanət” gileylənmələri

Siyasət

03.10.2022 - 14:41

Deputat: “Moskvada başa düşürlər ki, Ermənistan hər an ona xəyanət etməyə hazırdır”

Politoloq: “Ermənistan nə vaxt pul ödəyib ki?! Hər zaman ruslar silahlandırıb onları”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı dolayı ittiham edən açıqlama ilə çıxış edib. Deyib ki, müttəfiqləri Ermənistana pulunu ödədiyi silahları verməkdən imtina ediblər: “Bəzi ölkələr, o cümlədən müttəfiqlərimiz bizə yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər. Ermənistan almalı olduğu yüz milyonlarla dollar dəyərində silahı almayıb. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”.

Onun “Biz vəziyyəti dərindən təhlil etməliyik” bəyanatının arxasında Rusiya ilə münasibətlərə yenidən baxmaq niyyətinin dayandığı söylənilir. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarizi zəfərdən sonra Ermənistanda Paşinyan hökuməti əleyhinə kütləvi aksiyalar keçirilib. Aksiyalarda Paşinyanın istefası tələb olunub və hökumət növbədənkənar seçkilərə getmək məcburiyyətində qalıb. Rusiyaya yaxınlığı şübhə doğurmayan siyasi qüvvələr tərəfindən başladılan bu etirazlar öz məqsədinə çatmayıb. Növbədənkənar seçkilərdə də hakim partiya üstünlük qazanıb və Paşinyan yenidən Baş nazir seçilib.

Paşinyanın Qərbin kadrı olduğu, məhz onların dəstəyilə iqtidara gəldiyi, özünün və komandasının Rusiyaya qarşı mövqe nümayiş etdirdiyi hər kəsə məlumdur. Məhz buna görə də Rusiyanın Robert Köçəryan, Serj Sarkisyan və ordudakı qüvvələri vasitəsilə daim ona təzyiq etdiyi deyilir. Ukraynaya qarşı hərbi təcavüzdən sonra Ermənistanın Rusiyanın mövqelərinin zəifləməsindən istifadə edəcəyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT)  tərk edəcəyi də iddia olunur.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Paşinyan Qərbin qarşısında öhdəlik götürüb və onu yerinə yetirməyə məhkumdur: “2018-ci ildə Paşinyan şərti olaraq “Soros”un dəstəyi nəticəsində hakimiyyətə gəldi. Təbii ki, onu elə-belə gətirməmişdilər. Əsas missiyaları Ermənistanın beynəlxalq siyasətinə dəyişikliklər  etmək, Rusiya ilə bağlarını qoparmaq idi. Sonradan Paşinyan anladı ki, Rusiya ilə də hesablaşmalıdır”.

“Burada əsl erməni xislətinə aid olan bir məqamı vurğulamaq istəyirəm. Paşinyan çalışırdı ki, eyni vaxtda iki kürsüdə əyləşsin - həm Rusiyadan, həm də Qərbdən dəstək alsın. Özünü rusiyayönümlü göstərməklə daha çox Qərbin tapşırıqlarını icra etməyə cəhd edirdi. Moskvada, Soçidə və Brüsseldə əldə olunan üçtərəfli razılaşmalara rəğmən, Ermənistan rəhbəri qısa bir zamanda öz mövqeyini dəyişdi. Əvvəl özünün imza atdığı bəyannamənin müddəalarını icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırdı. Eyni zamanda, qanunsuz və reallıqla uzlaşmayan iddialar irəli sürür. Bu da, heç şübhəsiz, erməni xislətindən qaynaqlanır. Həm də onun qeyri-peşəkar siyasətçi olduğununun göstəricisidir”, - deyə deputat bildirib.

Həmsöhbətimizin sözlərinə görə, ermənilər tarixən sözlərinin üstündən  qaçıblar: “Tarixi təcrübədə bunu dəfələrlə görmüşük. Paşinyan da real şəkildə göstərdi ki, istənilən danışıqlar və razılaşmalar onun üçün ciddi sənəd deyil. Hətta, ani müvəfəqqiyət uğrunda öz sözündən geri çəkilə bilər”.

“Rusiya Ermənistanın ənənəvi müttəfiqidir. Həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, həm də Avrasiya İqtisadi Birliyi çərçivəsində birlikdə fəaliyyət göstərirlər. Moskvada başa düşürlər ki, Ermənistan hər an ona xəyanət etməyə hazırdır. Paşinyanın son davranışları da bunun əyani təzahürüdür. O, Fransa Prezidenti Makronla görüşü zamanı birmənalı şəkildə Rusiyanın əleyhinə bəyanatlar səsləndirdi. Moskvanı qarşılıqlı razılaşmaları yerinə yetirməməkdə ittiham etdi. Paşinyan və komandasının mövqeyi bəllidir və onlar öhdəlik götürdükləri dairələrin tapşırıqlarını yerinə yetirirlər”, - deyə Məhəməliyev söyləyib.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan isə AYNA-ya şərhində qeyd edib ki, Paşinyanın bəyanatı reallığı əks etdirmir: “Hətta kobud ifadə edəcəm: Paşinyan qələt edir, başını daşa döyür. Ermənistan nə vaxt silah alanda Rusiyaya pul ödəyib ki?! Ömür boyu ruslar silahlandırıb da onları. Kredit və digər bəhanələrlə onlara silah-sursat göndəriblər. Burada silah sadəcə bəhanədir”.

“Məlumdur ki, Paşinyan Qərbə inteqrasiya kursu götürüb. Onun bu açıqlaması da Qərbə xoş gəlmək niyyətindən qaynaqlanır. İstəyir ki, Qərbdən pulsuz silahlar ala bilsin. Heç Rusiyanın da adını çəkməyib. Müttəfiqlərimiz deyir. Təbii ki, Rusiyanı nəzərdə tutur. Ancaq bunu deyəcək cəsarəti də yoxdur”, - deyə analitik vurğulayıb.

Soltan diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfər regionda yeni reallıqlar yaradıb: “Paşinyan məğlubiyyətlə barışmaq istəmir. Amma başa düşməlidir ki, onun yeganə yolu Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdən keçir. Nə qədər ki, bunu etməyəcək, ölkəsi bataqlıqdan xilas olmayacaq. Ermənistan rəhbərliyinin yürütdüyü siyasət itirdiyi mövqeləri bəra etməyə yönəlib. Qərblə anlaşmaq, onlardan silah qoparmaq niyətindədir”.

Müəllif: Azər Niftiyev