Şəklin müəllifi, əslən erməni olan bir ukraynalıdır
Həyata dair baxışlarınızı, hər hansı bir hadisə və münaqişələrə münasibətinizi təbliğ etməyin müxtəlif yolları var. Erməni tərəfi onların demək olar ki, hər birindən istifadə edir. Ukraynanın prom.ua saytına, "Erməni nənəsi" adlı, kətan üzərində yağlı boya ilə çəkilmiş bir rəsmin yerləşdirilməsini görərkən, buna bir daha əmin oldum.
Daha yaxşı olar ki, şəklin təsvirini oxuyasınız. Burada söhbət 1990-cı ildə "Artsax"da (Dağlıq Qarabağda) “öz doğma evini azərbaycanlılardan qoruyarkən əlinə silah alan”, 106 yaşlı bir qadından gedir. Rəsmin “ərazilərini qorumaq istəyən insanlara ruh yüksəkliyi vermək” məqsədilə nümayiş etdirildiyi qeyd olunur.
Bu şəklin müəllifi ilə əlaqə saxladım. O, anasının etnik erməni olduğunu, Ermənistana getdiyini, lakin təəssüf ki, “Artsax”da olmadığını söylədi. Rəssam bu şəklin 2017-ci ilin sonlarında çəkildiyini və hələ də bu mövzuda onun çox şeyə sahib olduğunu söylədi.
Yəni, anası etnik erməni olan bir ukraynalı rəssam bu əsərlə - "ərazilərini qorumağa çalışan insanların ruhu" ilə döyüşdə təbliğat işi aparır. Bu baxımdan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri nəzərdə tutulur.
Yeri gəlmişkən, bu rəsm məşhur bir fotoşəkildən çəkilmiş əl işidir. Onu 1990-cı ildə Qarabağda çəkiblər. Bu yaxınlarda, bu ilin avqust ayında “Russia Today” telekanalının direktoru və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyan bu şəkli “Instagram”da paylaşaraq ona belə bir şərh verib: "Bu üzə ehtiyac duymuram, çünki qocalığımda belə görünəcəyimi bilirəm".
Marqo özü, əlbəttə ki, çox yaltaq idi, amma bu başqa mövzunun müzakirəsidir. İndi ermənilərin öz nöqteyi-nəzərini məqsədyönlü şəkildə necə müdafiə etmələri, təbliğat aparmaları, işğalçı və separatçılara qəhrəman kimi təqdim etmələri sual altındadır. Rusiya və Ukraynanın da daxil olduğu bu iş sürətlə davam edir.
Bəs biz nə edirik? Rusiya və Ukraynadakı Azərbaycan diasporları nəsə bir iş görür, bir növ qurultay, danışıqlar və forumlar keçirir. Ancaq bütün bunlar, belə desək, daha çox sırf Azərbaycan auditoriyası üçün hazırlanıb. Məsələn, Ukraynadakı müxtəlif Azərbaycan diaspor təşkilatları tərəfindən həyata keçirilən tədbirlər, demək olar ki, yerli mətbuatda tədqim olunmur. Yalnız zaman-zaman Ukraynanın bu və ya digər Azərbaycan diaspor təşkilatının rəhbərləri yerli mətbuatda məqalə, reportajlarla çıxış edirlər. Məsələn, "Gordon" nəşrində müntəzəm olaraq, ODAU-nun rəhbəri Hikmət Cavadov fəallıq göstərir. Yeri gəlmişkən, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev də orada təqdim olunur. O, həmçinin LB.ua nəşrinin köşə yazarıdır.
Bəli, bütün bunlar əladır, amma yetərli deyil. Doğrudan da, Ukraynadakı Azərbaycan diaspor təşkilatlarının sayı çoxdur. Eyni zamanda, təəssüflər olsun ki, əksər hallarda, onlar ya rəhbərinin maraqları naminə işləyir, ya da ümumi yerli ictimaiyyətə məlum deyil. Nəticədə, sosial şəbəkələrdə bu təşkilatların rəhbərləri yeni tanış olduqları şəxslərin fonunda şəkil çəkdirərək özləri üçün piar edirlər.
Əlbəttə, daha çox şey etmək olar. Azərbaycan və əcnəbi rəssamların Qarabağdakı müharibə həqiqətləri, Xocalıdakı soyqırımı haqqında rəsmlər çəkmələrinə nail olmaq lazımdır. Bu mövzuda şeirlər, hekayələr qələmə alınmalıdır. Təbii ki, bu istiqamətdə müəyyən işlər görülür. Məsələn, bir neçə il əvvəl məşhur bir Ukrayna qadın şairi Anastasiya Dmitrukun şeirlər toplusunda Xocalıda soyqırımı qurbanlarına həsr olunmuş bir şeiri dərc edilmişdi.
Ancaq, dediyim kimi, bunlar kifayət deyil. Bu istiqamətdə işlər daha çox olmalı, güclü, məqsədyönlü planlar həyata keçirilməlidir. Çünki yerdə olan bir daşın altından su axmır. Xüsusən də əgər erməni tərəfi fəaldırsa və istənilən mənbədən yararlanırsa, o cümlədən ukraynalı jurnalistlərin Dağlıq Qarabağa səfərləri ilə, Qarabağdakı müharibə ilə bağlı "həqiqətləri" təbliğ etmək üçün çalışırsa, biz də gördüyümüz azacıq işlərlə kifayətlənməməliyik.