Parlament seçkiləri niyə bazar günüdür?

Siyasət

09.02.2020 - 16:16

Bu gün seçdiyimiz deputatların səlahiyyət müddəti 4 il 10 ay olacaq


Əmək Məcəlləsinin 105-1-ci maddəsinə görə səsvermə günü iş günü deyil. Prezident və bələdiyyə seçkiləri, habelə referendumlar, bir qayda olaraq, şənbə-bazara təsadüf etmir və əhali əlavə qeyri-iş günü qazanmış olur. Necə deyərlər, səsvermə bizim üçün bayram kimi bir şeydir!

 

Amma parlament seçkiləri həmişə bazar günü olur. Çünki Konstitusiyamızın 84-cü maddəsinin II hissəsinə əsasən Milli Məclisin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilməlidir. Bunun əvəzi olaraq əlavə istirahət günü verilmir. Çünki Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Səsvermə isə rəsmi olaraq bayram deyil. Belə də demək olar: digər seçkilər və referendumdan fərqli olaraq, məhz parlament seçkiləri bayram deyil. Kim bilir, bəlkə də elə buna görə cəmiyyətimizdə deputatlara münasibət belə mənfidir və onların məsxərəyə qoyulması artıq adi hal alıb.


Maraqlısı budur ki, növbəti seçkilərdən fərqli olaraq, növbədənkənar parlament seçkilərinin məhz bazar günü keçirilməsi Konstitusiyada tələb olunmur. Buna baxmayaraq, parlament seçkilərinin bayram olmaması ənənəsinə yenə də riayət olundu və seçki bu günə - bazar gününə təyin olundu.


Yeri gəlmişkən, Konstituiyamızın 98-1-ci maddəsinin II hissəsində deyilir: “Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.” Beləliklə, bu gün seçdiyimiz deputatların səlahiyyət müddəti 5 il deyil, 4 il 10 ay olacaq və növbəti parlament seçkiləri 3 noyabr 2024-cü ildə keçiriləcək. Əlbəttə, yenə də özlərini daha tez buraxmasalar...

Müəllif: Əkrəm Həsənov, hüquqşünas, bank-maliyyə eksperti