“YAP öz sədrinin də, xalqın da son etimadını itirmiş oldu”

Siyasət

28.12.2019 - 12:30

Nəzakət Məmmədova: “O zaman hansı məntiqlə parlamenti buraxdılar?!”

 

Yeni Azərbaycan Partiyasının (YAP) dünən keçirilən iclasında partiyanın növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb. Gözlənildiyi kimi, partiyanın namizədlər siyahısında yeni simalar olsa da, parlamentdə partiyanı təmsil edən əvvəlki deputatlar da yer alıb. Lakin siyahı açıqlandıqdan sonra cəmiyyət tərəfindən bir sıra suallar meydana gəlib.

 

AYNA-nın mövzu üzrə suallarını siyasi şərhçi Nəzakət Məmmədova cavablandırıb:

 

- Nəzakət xanım, Yeni Azərbaycan Partiyası, nəhayət siyahısını açıqladı. Bu, gözlənilən bir siyahı oldu, yoxsa hansısa təəccüblü məqamlar var?

 

- Siyahı həm gözlənilən idi, həm də təəccüblü. Onun təəccüblü tərəfi elə orasındadır ki, bu qədər məsələlərdən sonra YAP siyahıda xeyli köhnə parlament üzvlərinə yer ayırıb. Sanki, Prezidentin indiyədək verdiyi tövsiyələr, məsləhət və göstərişlər, ictimaiyyətin bu qədər qınağı boş, hədər imiş. Üstəgəl, bitərəf adı altında köhnə millət vəkillərinin əksəriyyətinin yenidən öz namizədliklərini irəli sürdüklərini nəzərə alsaq, acınacaqlı mənzərə ortaya çıxır. O zaman belə bir mənzərə ortaya çıxır: Onlar bu addımları ilə özləri-özlərini təkzib etmiş olurlar. Bir tərəfdən islahatlara ayaq uydura bilmədiklərini, özlərinin qeyri-adekvat olduqlarını etiraf edirlər, digər tərəfdən yenidən növbəti dönəmdə millət vəkili olmaq iddiasından əl çəkmirlər. Belə olan halda parlamentin buraxılması, yeni seçkilər nəyə lazım idi?! Prezidentin sədri olduğu partiya niyə öz rəhbərinin çağırışına axıradək əməl etmək istəmir?! Buna nə ad vermək olar?! Prezidentə qarşı çıxmaq, ictimai rəyi heçə saymaq, yoxsa vəzifə hərisliyindən əl çəkə bilməmək?!

Mərahim Nəsib