“Opinium” kompaniyasının sosioloji sorğusunun nəticələri açıqlanıb
Britaniyalı seçicilərin 49 faizi Rusiyanın Böyük Britaniyanın Avropa ittifaqının tərkibindən çıxması (“Brexit”) barədə 2016-cı ildə keçirilən referendumun gedişinə təsir etdiyinə inanır. AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə “Opinium” kompaniyası sorğu keçirib.
Sosioloji sorğuda iştirak edən respondentlərin əksəriyyəti “Brexit”ə müdaxiləni mümkün sayıb, 23 faiz isə əks fikirdə olduğunu bildirib. 2019-cu ildə Böyük Britaniyada keçirilən sonuncu seçkilərə gəldikdə isə rəyi soruşulan vətəndaşların 47 faizi Rusiyanın müdaxiləsi barədə düşünür, 24 faizi isə buna inanmır.
Sorğu müəllifləri 2016-cı il referendumu və 2019-cu il seçkilərindən başqa, 2015 və 2017-ci il seçkiləri, həmçinin Şotlandiyanın müstəqilliyi barədə 2014-cü ildə keçirilən referendum barədə də britaniyalıların fikirlərini öyrənib. Bütün hallarda Rusiyanın müdaxiləsini düşünən vətəndaşların sayı əksini hesab edənləri üstələyib.