Ukrayna müzakirəsi, sənədsiz evlər və... - "Həssas dönəmə daxil olmuşuq"

Aktual

04.03.2022 - 21:32

Deputat: "Qarşımızda müstəqilliyimizi, qələbəmizi möhkəmləndirmək kimi çox mühüm vəzifələr durur" 

Bu gün Milli Məclisin iclası keçirilib. Toplantıda 11 məsələ müzakirə olunub. Əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirib, təkliflər səsləndiriblər. Deputat Sabir Rüstəmxanlı deyib ki, ki, dünyada ciddi qarşıdurmalar baş verməkdədir.

"Dünya ağır durumdadır, proseslər Üçüncü Dünya savaşının sərhədinə gəlib çatıb. Hər an Üçüncü Dünya müharibəsi başlaya bilər. Bu gün dünya müharibə gedən Ukraynanın yanındadır. Bu, bizi sevindirir. Amma biz istəyərdik ki, 30 il işğal yaşayan, haqqı tapdanan Azərbaycana qarşı da belə münasibət göstərilərdi", - Rüstəmxanlı vurğulayıb. 

Deputat: "Azərbaycan ukraynalı qaçqınlara da kömək edə bilər"

Millət vəkilinin sözlərinə görə, Azərbaycan müharibə fonunda çox dəqiq addımlar atır: "Bəzən buna fərqli don geyindirməyə çalışanlar var. Amma hər kəs bilir ki, Azərbaycanın addımları, mövqeyi düzgündür". 

Deputat ukraynalı qaçqınlara Azərbaycanın şərait yarada biləcəyini vurğulayıb: "Biz onsuz da qaçqınları təmin etməyə öyrəşmişik. Bəlkə Azərbaycan ukraynalı qaçqınlara da kömək edə bilər".

"Populistlər, qaragüruhlar, siyasi prosesləri sona kimi təhlil etmək bacarığında olmayanlar..." 

"Bu gün dünyada və regionda ciddi proseslər gedir. Son hadisələr Prezident İlham Əliyevin bütün prosesləri son dərəcə dəqiq proqnazlaşdıraraq ölkəmizin təhlükəsizliyinin və suverenliyinin qorunması istiqamətində ciddi addımlar atdığını bir daha göstərdi", - deyən deputat Ceyhun Məmmədov qeyd edib ki, populistlər, qaragüruhlar, siyasi prosesləri sona kimi təhlil etmək bacarığında olmayanlar hər zaman olduğu kimi ictimai rəyi yanlış istiqamətə yönləndirməyə çalışırlar: "Tarixin heç bir dönəmində olmadığı kimi, bu gün də Azərbaycan dövləti heç bir xalqın və ya dövlətin taleyinə biganə, laqeyd deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gücü və imkanları çərçivəsində mümkün olanı hər zaman edib. Münaqişədən əvvəl hər iki ölkəyə səfərlərin edilməsi, böhran vəziyyətində bir sıra dövlətlər hələ tərəddüdlü mövqe nümayiş etdirərkən, Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsi bu fikri bir daha təsdiq edir". 

"Digər xalqların taleyinə biganə yanaşmamaq, onların ağrı-acısını anlamaq, dərdinə şərik çıxmaq Azərbaycan xalqının sülhməramlılığından və insanpərvərliyinidən irəli gəlir. 30 il müharibənin ağır yükünü daşımış, acısını yaşamış bir xalq kimi Azərbaycan xalqı müharibənin və humanitar fəlakətin nə olduğunu çox yaxşı anlayır", - deyə millət vəkili əlavə edib.

"Cəbhə bölgəsində müharibə bitsə də, informasiya müharibəsi davam edir"

Deputat bildirib ki, bu gün ölkəmizin qarşısında çox mühüm vəzifələr durur: "Olduqca həssas bir dönəmə daxil olmuşuq. Qarşımızda müstəqilliyimizi daha da gücləndirmək, qələbəmizi daha da möhkəmləndirmək kimi çox mühüm vəzifələr durur. Əsas hədəf və məqsəd bu olmalı, ictimai rəy bu istiqamətə yönləndirilməlidir. Bu da reallıqdır ki, cəbhə bölgəsində müharibə bitsə də, informasiya müharibəsi davam edir. Yenə də ermənilər xaricdə Azərbaycan əleyhinə təbliğatlarını və düşmənçiliklərini müharibədən əvvəl olduğu kimi davam etdirirlər. Bizim isə xalq olaraq bir yolumuz var. O da daha da güclü olmaq, birlik və həmrəyliyimizi qorumaq, Prezidentimiz ətrafında sıx birləşmək, dövlətçiliyimizi daha da gücləndirmək".

Könüllü döyüşçülərlə bağlı təklif, şəhid adının əbədiləşdirilməsi proseduru...

Deputat Əli Məsimli könüllü döyüşçülərlə bağlı təklif irəli sürüb. Millət vəkili deyib ki, müharibədə könüllü iştirak edən şəxslərin müraciətlərinin həlli istiqamətində təkliflər hazırlansın. Deputat hazırlanacaq təkliflərin təqdim edilməsinin vacibliyinə toxunub: "Müharibə veteranları ilə bağlı məsələlər yüksək səviyyədə həll edildi. Amma könüllülərin problemləri açıq olaraq qalır. Bununla bağlı addım atılmasının vacib olduğunu düşünürəm".

“Şəhid adlarının küçələrə verilməsinə ehtiyac var. Bəzi rayonlarda bu iş sürətlə gedir, amma bəzi rayonlarda isə yox”. Bu sözləri isə deputat Qənirə Paşayeva deyib.

Q. Paşayeva bildirib ki, şəhid adının əbədiləşdirilməsi işinə ümumi şəkildə baxılması yaxşı olar: “Bəzi ailələr Nazirlər Kabinetindən bunu xahiş edirlər. Bu, qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarına ən böyük hədiyyə olar. Rayonlarda parklar, küçələr var ki, ora şəhid adları verilə bilər. Bu iş sürətləndirilməlidir”.

"Xeyli adsız və adı hansısa məna kəsb etməyən küçələr var"

Deputat Razi Nurullayev həmkarının təklifini dəstəkləyib. Millət vəkili bildirib ki, Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli qərarına düzəlişlər edilməlidir: "Mən icra hakimiyyətləri ilə danışmışam. Xeyli adsız və adı hansısa məna kəsb etməyən küçələr var. Bu məsələ həll edilə bilər. Amma, bunun üçün Nazirlər Kabinetinin qərarına və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik etmək lazımdır. Qərarın ordenlə bağlı hissəsi isə böyük küçələrə, meydanlara, gəmilərə və digər vacib subyektlərə aid olaraq qalsın. Təklif edirəm ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər kabinetinin qərarının 3.1.2 bəndinə edilən düzəlişlə yalnız ordenlə təltif olunan şəhid adları əbədiləşdirilir. Bu düzəliş 25 avqust 1999-cu il tarixli 139 nömrəli qərarla 3.1.1. və 3.1.2. bəndləri yeni redaksiyada verilib ki, mən bu düzəlişlərin yenidən yeni redaksiyada verilməsini və səlahiyyətlərin də yerli icra hakimiyyəti və bələdiyyələrə ötürülməsi təklifini iirəli sürürəm. İkinci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17. bəndinin yeni redaksiyada verilməsi təklif edirəm. Yeni redaksiya belə ola bilər: yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, o cümlədən şəhid adlarının əbədiləşdirilməsinə şamil edilir. İcra hakimiyyətlərini bu qədər mərkəzə tabe etmək yanlışlıqdır. Qoy özləri qərar versinlər. Onlara sərbəstlik, azadlıq və qərarvermə imkanı tanımaq lazımdır".

Millət vəkilindən etiraz: "Burada problem nədir? Niyə bu iş uzanır?"

İclasda sənədsiz evlərlə bağlı problem də qaldırılıb. Deputat Q.Paşayeva deyib ki, sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı problem uzun zamandır ki, qalmaqdadır: "Müvafiq qurumlar problemin həllinə baxdıqlarını deyirlər: “Amma ortada heç bir ciddi iş yoxdur. Burada problem nədir? Niyə bu iş uzanır? Çıxıb açıqlama versinlər. Bununla bağlı sərəncamlar, sənədlər var. Amma problem həll olunmur".

Müəllif: Anar Bayramoğlu