“Ermənistan ərazisində istənilən hərbi əməliyyatı yerinə yetirə bilərdik”

Aktual

24.12.2020 - 18:14

İlham Əliyev: “Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir”

 

“Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır”.

 

AYNA xəbər verir ki, bu fikirləri Prezident, Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinə səfəri zamanı deyib.

 

Prezident qeyd edib ki, biz gücümüzü bilirik: “Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik”.

 

“Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və qısa müddət ərzində lazım olan bütün bərpa işləri də nəzərdə tutulur. Xarici ekspertlər cəlb olunub, dəvət edilib, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar. Videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq. Bizim torpaqlarımız istismar edilirdi, təbii ehtiyatlarımız istismar edilirdi. Zəngilan rayonunda qızıl yatağı istismar edilirdi. Azad edilmiş digər ərazilərdə də, həmçinin. Bütün bunların hesabını Ermənistan dövləti verəcək. Bununla paralel olaraq bütün bərpa işləri təmin ediləcək və biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz. Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!”, - deyə ölkə başçısı əlavə edib.

Müəllif: Ayna.az