Şəhid anasının arzusu və ya Cəmilin adının əbədiləşməsinə qanunun tanımadığı imkan

Cəmiyyət

16.07.2022 - 10:25

Şəhid anası: “İstəyirəm ki, oğlumun oxuduğu məktəb onun adını daşısın”

Deputat: “Şəhid anası çox şey istəmir ki, Vətənə qurban getmiş oğlunun adının yaşadılmasını istəyir”

Qazi: “Qanun dəyişdirilməlidir. Bundan sonra məsələlər rahat şəkildə həllini tapacaq”

Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Cəmil Məmmədlidir. Cəmil Habil oğlu Məmmədli 28 iyul 1999-cu ildə  İsmayıllı rayonunda dünyaya göz açıb. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonundakı 163 saylı orta məktəbdə təhsil alıb. 2016-cı ildə AzTU-nun Metallurgiya və metalşünaslıq fakültəsinə qəbul olunub.  2020-ci ildə isə təhsilini uğurla başa vuraraq Materialşünaslıq ixtisasına yiyələnib.

Təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanan Cəmil Məmmədlinin xidmətdə  olduğu dövrdə  44 günlük Vətən müharibəsi başlayıb. Qəhrəmanımız Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabr ayının 14-dən 15-ə keçən gecə qəhrəmancasına şəhid olub.

Qəhrəman şəhidimiz Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Cəmil Məmmədlinin anası Aygün xanım oğlunun adının əbədiləşdirilməsi arzusundadır. Aygün xanım AYNA-ya deyib ki, şəhidimizin oxuduğu məktəbə - Səbail rayonunda yerləşən 163 saylı orta məktəbə Cəmilin adının verilməsini istəyir: “Həmin məktəbdə təhsil almış ilk və yeganə şəhid Cəmildir. İstəyirəm ki, oğlumun oxuduğu məktəb onun adını daşısın”.

Aygün xanım bunun üçün bir neçə quruma, şəxsə müraciət edib. Amma müraciətləri cavabsız qalıb. Əsas kimi də bu göstərilib ki, şəhidimizin medalı olsa da, ordeni yoxdur. Şəhid anası isə bildirir ki, əgər qanunla oğlunun adının məktəbə verilməsi mümkün deyilsə, o zaman cəsur döyüşçümüzlə bağlı istisnaya yol vermək olmalıdır.

Qəhrəman şəhidimizin adının verilməsi istənilən 163 saylı məktəb hazırda kiminsə adını daşımır. Aygün xanım deyir ki, bu baxımdan da Cəmilin adının məktəbə verilməsi problemli olmamalıdır.

İctimaiyyət nümayəndələri hesab edirlər ki, şəhidlərimizin adının əbədiləşdirilməsi mütləq həyata keçirilməlidir. Bununla bağlı Prezident İlham Əliyevin sərəncamı var. Vətən müharibəsinin üç min şəhidinin adının əbədiləşdirilməsi üçün ölkədə o qədər məktəb, bağça, küçə mövcuddur ki, bunu etmək elə də çətin olmamalıdır.

Deputat Aqil Abbas AYNA-ya bildirib ki, bütün şəhidlərimizin adının əbədiləşdirilməsi lazımdır: “Şəhidlərimiz bizim baş tacımızdır. Məktəblərə, bağçalara şəhidlərimizin adı verilməlidir ki, gələcək nəsillər qəhrəmanlarımızdan örnək götürsünlər. Hər zaman bildirmişəm ki, şəhidlərin müqəddəs ruhlarının şad olması üçün onların yaxınlarının istəkləri yerinə yetirilməlidir. Şəhid anası çox şey istəmir ki, Vətənə qurban getmiş oğlunun adının yaşadılmasını istəyir. Hesab edirəm ki, şəhid anasının bu istəyinə aidiyyati qurum və şəxslər tərəfindən müsbət cavab verilməlidir. Lazımdırsa, qanuna dəyişiklik etmək, əngəli aradan qaldırmaq olar”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Rey Kərimoğlu AYNA-ya deyib ki, bu problem uzun illərdir ki, hökm sürür: “Qanunvericiliyin yaratdığı bir problemdir. Mən deyərdim ki, çox bərbad qanunvericilik bazası mövcuddur. Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı qanun hökmən dəyişdirilməlidir. Təsəvvür edin ki, şəhidin medaldan əlavə ordeni də olmalıdır ki, adına məktəb verilsin. Bu, qanunda gülünc bir müddəadır”.

“Bu halı pisləyirəm. Bir şəhidin adının əbədiləşdirilməsi, adına məktəb verilməsi üçün qanunla baryer qoyulmamalıdır. Bu, aradan qalxmalıdır. Qanun dəyişdirilməlidir. Bundan sonra məsələlər rahat şəkildə həllini tapacaq”, - deyə Qarabağ qazisi vurğulayıb.

R.Kərimoğlu qeyd edib ki, qanun dəyişdirilməsi prosesində şəhid ailələri cəmiyyətləri, qazi cəmiyyətləri ictimai iştirakçı olmalıdır, onların fikirləri öyrənilməlidir: “Bizim nümayəndələrin fikirləri nəzərə alınmalıdır ki, qanunun yaratdığı eybəcərlik aradan qalxsın. Bu sahəyə dəxli olmayan beş nəfərə verirlər ki, bu qanunu hazırlayın. Onlar da belə məzmunsuz, eybəcər qanun ortaya çıxarırlar. Belə olmamalıdır”.

Müəllif: Anar Bayramoğlu