“Bir dəfə güclü külək əssə, daxma başına uçacaq”
Cəlilabad rayon sakini Baxşəliyeva Azadə Hüseyn qızı AYNA-ya üz tutub. O, anasının rayonun Göytəpə deyilən ərazisində, dairəvi yolun yaxınlığındakı daxmalardan birində məskunlaşdığını və olduqca ağır şəraitdə yaşadığını deyir.
“İllərdir qəzalı vəziyyətdə olan daxmada yaşayır. İndiyədək müraciət etmədiyimiz idarə, qurum qalmayıb. Evin qəzalı vəziyyəti ilə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etmişik”, - deyən A.Bəxşəliyeva Agentliyin onlara ünvanladığı cavab məktubunu da redaksiyamıza təqdim edib. Məktubda deyilir:
“Sizin evinizin qəzalı vəziyyətdə olması, bununla bağlı tərəfimizdən qəza vəziyyətinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanladığınız 03 oktyabr 2018-ci il tarixli təkrar ərizəyə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baxılmışdır. Məlum olduğu kimi, Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində yalnız fövqəladə hal baş verdikdə onun nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər görür. Qeyd etdiyiniz məsələnin həlli Fövqəladə Hallar Naziriyinin səlahiyyətlərinə aid olmadığından sizə tərəfimizdən hər hansı köməklik göstərilməsi mümkün deyil”.
Ülviyyə Şahin