Ləkidə Yeni il - <font color=red> Əvvəl və indi...</font>

Cəmiyyət

31.12.2019 - 11:00

Yeni ilə çox az zaman qalıb...

 

“Sarı donuz” üzərində təhvil olunmuş il yerini “Siçan”a vermək üzrədir. Təbii ki, hər zaman olduğu kimi, bürclərə və ulduzlara əsasən 2019-cu ilin də maraqlı hadisələr və xoş günlərlə yadda qalacağını gözləyirdik, lakin bu nə dərəcədə baş verdi, hansı hadisələrlə yadda qaldı, kimlər üçün yaxşı, kimlər üçün pis oldu, bu, artıq başqa mövzunun müzakirəsidir. Mən isə Azərbaycanın ən böyük kəndi olan Ağdaş rayonunun Ləki kəndində bayram ab-havası və adətləri haqqında danışacam.

 

Məlum olduğu kimi, Azərbaycanın hər bölgəsində bayramlar xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə keçirilir. Bayramdan əvvəl ya mədəniyyət ocaqlarında, ya küçələrdə, ya da həyətlərdə xüsusi tədbirləri keçirilir və əyləncələr təşkil olunur.

 

Belə ki, əvvəllər Ləki kəndində Yeni il həddindən artıq böyük həvəslə gözlənilir və xüsusi əhval-ruhiyyə ilə qarşılanırdı. Hər il Yeni il axşamı milli paltar geyinmiş cavanlar küçələrə çıxar, musiqi sədaları altında rəqs edərdilər. Demək olar ki, hər qapıda şənliklər keçirilər, sakinlər küçələrdə yandırılmış tonqalların ətrafına yığşır və rəqs edərdilər.

 

Kəndin cavanları küçələrdə tonqallar yandırar, məclislər təşkil edər və atəşfəşanlıq yaradırdılar. Şaxta baba obrazına bürünmüş gənclər kənd avtobusuna minərək uşaqlara hədiyyə paylayar və sakinləri təbrik edərdilər.

 

Ləkidə Yeni il axşamı da xüsusi qeyd olunardı. Bütün kənd əhalisi bir-birinin evinə gedər, bayram hədiyyəsi aparar və təbrikləşərdilər. Yeni il axşamı demək olar ki, heç kəs evdə tapılmazdı. Belə ki, hamı kəndin mərkəzində təşkil olunmuş əyləncəli mərasimdə iştirak etməli, tədbirə öz tövhəsini verməli idi. Təbii ki, belə olan halda bütün küsülülər barışar, insanlar arasında mehribanlıq yaranar və Yeni ilə yüksək əhval-ruhiyyə ilə qədəm qoyulardı.

 

Lakin əvvəlki illərlə müqayisədə Ləki kəndində bayram ab-havası bu il bir o qədər də hiss olunmur. Belə ki, hələ noyabr ayından başlayaraq qapılarda bəzənən təbii şam ağacları, uşaqların partlayıcı maddələr alması üçün mağazalara axışması, bayram başlamamış atəşfəşanlıq səslərinin eşidilməsi, iaşə obyektlərinin Yeni il atributları ilə bəzədilməsi, mağazaların qarşısında dayanan Şaxta baba və Qar qız bu dəfə nədənsə yoxa çıxmışdı.  Hər il kəndin mərkəzində bəzədilən təbii şam ağacları da qeybə çəkilmişdi.

 

Təbii ki, istisnalar da var. Kənd əhalisinin bir qismi uşaqların könlünü qırmamaq üçün evlərdə şam ağacları bəzəyib və Yeni il atributlarına üstünlük veriblər. Bəzi uşaqlar artıq Yeni il hazırlıqlarını da görməyə başlayıblar.

 

Kəndin bayram ab-havası ilə yaxından tanış olmaq üçün kəndi müşahidə etmək qərarına gəldim və fürsətdən istifadə edib kənd sakinlərinin bayramla bağlı təəssüratlarını öyrənməyə çalışdım.

 

Rafiq Yunusov adlı kənd sakini, əvvəlki illərin bayram ab-havasının qalmadığını bildirdi: “Biz 1990-cı illərin uşaqlarıyıq. Əvvəlki illərin bayram sevinci artıq qalmayıb. Doğrudur, hər il olduğu kimi Yeni ilin əsas atributlarından sayılan şam ağacını bu ildə bəzəmişik. Çalışaram ki, bu yaşda belə bayramı yadda qalan keçirim. Lakin əvvəllər Yeni ilə aid verlişlər, filmər olardı. İndi isə yerli televiziyalarda bunların demək olar ki, heç biri yoxdur. Hər şeyə rəğmən Yeni ildə hamıya uğurlar arzulayıram”.

 

Yusif Nəbiyev adlı kənd sakini də bayramla bağlı fikirlərini bölüşüb. O bildirib ki, Yeni il ab-havası bu il də gözlənildiyindən aşağı səviyyədədir: “İllər əvvəl kəndimizdə keçirilən Yeni il bayramının xüsusi özəllikləri var idi. Hətta digər bölgələrdən bayram əhval-ruhiyyəsini yaxından hiss etmək üçün kəndimizə qonaqlar gəlirdi. Kəndimizin bayramla bağlı özünəməxsus adət-ənənələri var. Lakin zaman keçdikcə bu adətlər unudulur və bayram günləri həddindən artıq sadə şəkildə keçirilir. Arzu edirəm ki, qarşıdan gələn Yeni il bütün Azərbaycan xalqına düşərli olsun”.

 

Sakinlərin təəssüratların dinlədikcə başa düşdüm ki, zaman keçdikcə sosial-iqtisadi problemlərin artması, qayğılı günlərin çoxalması həqiqətən də bayram ab-havasının azalmasına səbəb olur. Lakin hər şeyə rəğmən Yeni ilin yeni nəfəs gətirdiyinə inanmaz lazımdır.

 

Yeni ildə yeni günlərin mənalı və gözəl olması diləyi ilə… Bayramınız mübarək!

Müəllif: Mərahim Nəsib