Satranç ustadı

Aktual

21.04.2024 - 10:00

Kim bilir, daha kimləri mat qoyacaq...

Mogikan qəbiləsinin əsir düşmüş sonuncu nümayəndəsi Unkası edama apararkən sinəsindəki döyməni - göy çanaqlı bağanı - görən delavarlar qarşılarındakının kim olduğunu anlayınca heyrətdən çaşıb qalırlar. Və Unkas bu sözləri deyir: “Lenni-Lenap camaatı! Göy qübbəsi mənim nəslimin çiyinlərində dayanır! Sizin zəif qəbiləniz də mənim zirehli çanağımın sayəsində ayaqdadır!”.

Bundan sonra özlərinə inamı itirmiş delavarların başına keçən və Göy Qübbəsini çiyinlərində daşıyan Göy Çanaqlı Bağanın sonuncu övladı Unkas düşmənləri darmadağın edir…

***

Komendantlıqdan çıxıb qənbər döşənmiş küçənin o biri tərəfinə keçdim və şinelin məni həmişə darıxdıran, nəfəsimi daraldan üst qarmağını hirslə açdım. İndi sinədolusu nəfəs almaq olardı. Tez-tez olmasa da, əsası XI əsrdə qoyulmuş bu kiçik alman şəhərinin dar küçələrində dolaşmağı sevirdim, çünki həmin anlarda yad torpaqlarda əsgər olduğumu unudur, xəyalən doğma Bakının böyüdüyüm küçə və dalanlarının yanından ötür, canına neft və dəniz qoxusu hopmuş havasını udurdum.

Tini burulub üçmərətəbli binanın balkonları altından keçirdim ki, arxamda nəyinsə guppultu ilə yerə dəyib partladığını eşitdim. Geriyə qanrılanda sudolu iri şüşə balonun çilik-çilik olduğunu gördüm. Şinelimin ətəyi su və xırda şüşə qırıntılarının içində idi. Yuxarı boylananda kimsəni görməsəm də, qulağımı “Raus” (“İtil”) çığırtısı deşdi. 1980-ci il idi. Mən isə hələ bir il də Sovet qoşunlarının Almaniyadakı qoşun kontingentinin tərkibində qulluq etməliydim...

Belə hallar bu və ya digər şəkildə sonralar da təkrar olunmuşdu. İşğalçı ordunun sərbazlarını kim sevər ki...

Doqquz il sonra almanları ta 1961-ci ildən bir-birindən ayıran Berlin divarı çökdü, lakin son rus əsgəri Almaniyadan yalnız 1994-cü ildə çıxdı. Almaniya artıq birləşmişdi və bunu bir güllə belə, atmadan, indiki yüngül Qərb siyasətçilərinin ətəyinə su tökə bilmədikləri Bundeskansler Helmut Kol (Kohl) etmişdi.

***

2020-ci ildən bəri Azərbaycan məşəqqətli tarixinin, heç şübhəsiz, ən şanlı dövrlərindən birini yaşayır. İkinci Qarabağ savaşındakı böyük qələbə, 2023-cü ildəki ildırımsürətli antiterror əməliyyatı və separatçı ilanın başının əzilməsi nəticəsində Xankəndi və bir neçə yaşayış məntəqəsinin də azad edilməsi torpaqlarımızın bütünlüyünə gətirib çıxardı. Millət köksündən nəfəs aldı, qırışığı bir az da açıldı. Azad edilmiş ərazilərdə genişmiqyaslı minalardan təmizləmə və ən əsası quruculuq işləri davam edir. Məcburi köçkünlər dədə-baba torpaqlarına dönür, ocaqlarına yiyə dururlar. Həyat dinc məcrasına qayıdır. Amma...

Amma Dünya çalxalanır. Rusiyanin Ukraynaya qarşı apardığı işğalçı savaşı iki ildir ki, səngimək bilmir. Bu müharibə artıq Qərblə Rusiyanın planetar miqyasda qarşıdurmasına çevrilib. İsrail Qəzzada kök salmış HƏMAS-ın heyfini dinc əhalidən də çıxır və bu, azmış kimi İranla da kəllə-kəlləyə gəlir. Hər iki dövlət genişmiqyaslı müharibə astanasındadır – bir-birini raket atəşinə tuturlar.

Bir sözlə, Amerika, Orta Şərq ölkələri – aləm bir-birinə dəyib. Qonşu Gürcüstan da qaynayır. Bütün bunlar azmış kimi, Avropanın aparıcı dövlətləri, xüsusən də Fransa Azərbaycana qarşı sanki səlib yürüşünə çıxıb. Ermənistana qahmar çıxır, onu silahlandırır və belə düşünürlər ki, bizi ram edə biləcəklər. Alınmır. Azərbaycanın öz ərazisi və bölgəsində söz sahibi olmasını sinirə bilmirlər, çünki oyunları pozulur. Və...

Belə bir mürəkkəb geosiyasi durumda dalbadal iki nəfəskəsici Qələbə - Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı (hərbi) kontingentinin vaxtından ilyarım əvvəl torpaqlarımızı tərk etməsi və hələ də erməni işğalı altında olan 8 kəndimizdən dördünün bir güllə belə, atılmadan geri alınması.

Nə yalan söyləyim, 2020-ci ildə rus sərbazlarının sülhməramlı qiyafəsində Azərbaycana dürtülməsi hamı kimi məni də ruhdan salmışdı, çünki onların tapdağından təzə çıxmışdıq və düşünürdüm ki, Rusiya bölgəmizdə yerini bir az da möhkəmləndirdi - yəni yersiz gəldi, yerli qaç.

Və yalnız indi nə qədər yanıldığımın fərqinə varmışam. Bu qənaətdəyəm ki, dünya siyasətinin əksər cahangirləri düşdüyü labirintlərdən qarşısını minotavrlar kəssə belə, məharətlə çıxmağı bacaranın Lider olduğunu heç cür dana bilmirlər, çünki Ariadna ipinin nə olduğundan xəbərsizdirlər.

Ən maraqlısı isə Azərbaycan dövlətinin sükanını əlində möhkəm tutan Lider öncədən və açıq-açığına torpaqlarımızın bütövlüyünü təmin edəcəyini bəyan edir və növbəti, sanki çıxılmaz labirintə daxil olur. Və növbəti dəfə hamı baş sındırır ki, indi necə, kələfin ucunu tapacaqmı? Yoxsa yenə hamını – konspiroloq, kəşfiyyatçı və nazirlərdən tutmuş ta beynəlxalq təşkilatlar, dövlət başçıları və kim bilir, daha kimləri şaşırdaraq mat qoyacaq?

Bir sıra politoloqlar Ona qrossmeyster deyirlər. Düz də deyirlər. Zənnimcə, Onun hər bir xanasını özünün yaratdığı satranç taxtası var və həmin taxtada yalnız piyadalar mövcuddur, amma onlar bir-birindən fərqlənirlər: əzəldən döyüşçü-piyada olduqlarını bilənlər və özlərini vəzir, “döyüş” fili və kəhəri sayıb da oyunun sonunda sadəcə piyada olduqlarını anlayanlar.

Və sonda. Azərbaycan Prezidentinin açıq və lazım gəldiyində görünməyən incə diplomatik fəaliyyəti bəhrəsini verməkdədir. Nə üçün verdi deyil, verməkdədir? Çünki ONUN və bizim hələ görüləsi işlərimiz çoxdur!

Müəllif: Elçin Şıxlı