Ermənistanın işğalçılığına döyüş meydanında layiqli cavab verilir

Aktual

03.11.2020 - 16:09

Hikmət Hacıyev: “Düşmənin işğal siyasətinə verdiyimiz cavab uzunmüddətli diplomatik addımların nəticəsidir”

 

Ərazi bütövlüyümüzün bərpası istiqamətində Azərbaycan Ordusunun fəaliyyəti davam etdirilir. Bu gün də Ermənistanın cəbhənin müxtəlif istiqamətlərdən Azərbaycana qarşı hücumlarının qarşısı alınır.

 

AYNA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinqdə bildirib.

 

H.Hacıyev qeyd edib ki, Ermənistanın 30 ildən çoxdur davam edən işğal siyasətinə döyüş meydanında layiqli cavab verilir: “Bu, Azərbaycanın uzun müddət apardığı diplomatik addımlarının nəticəsidir. Azərbaycan öz siyasətində daim beynəlxalq norma və prinsiplərə sadiqliyini qoruyub. Bu çərçivədə Azərbaycan Ermənistanı sülhə məcburetmə əməliyyatını davam etdirir”.

 

“Beynəlxalq media orqanları bu məsələ ilə bağlı hazırladığı obyektiv materiallara görə erməni lobbi dairələrinin təzyiqlərinə məruz qalırlar. Biz bunu kəskin şəkildə qınayırıq. Ermənistan öz işğalçılıq siyasətini apardığı uğursuz informasiya mübarizəsi ilə ifşa edir. Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin sülh yolu ilə həllini istədiyini desə də, sülh yolu ilə həllə gedən bütün istiqamətləri məhv edir. İnformasiya mübarizəsində Ermənistan rəhbərliyinin çıxışları, eləcə də, beynəlxalq mediaya erməni lobbisinin təzyiqləri bunu göstərir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

 

H.Hacıyev onu da diqqətə çatdırıb ki, Gəncə, eləcə də Bərdə düşmən tərəfindən ballistik raketlərdən atəşə tutulub. Nəticədə, mülki şəxslər həlak olub: “Ermənistanın qadağan olunmuş kasetli bombalardan istifadə edərək mülki şəxsləri hədəfə alması ilə bağlı məqamlar barədə məlumatlar beynəlxalq təşkilatlara təqdim olunacaq”.

 

“Ermənistan ərazisindən Azərbaycan ərazisinə müxtəlif silahlardan hücumlar davam etdirilir. Bu, xüsusilə cəbhənin Qubadlı və Zəngilan istiqamətlərində özünü büruzə verir. Ermənistan bilməlidir ki, Qubadlı və Zəngilan işğaldan azad edilib. Həmin rayonların ərazisindən keçən xətt Azərbaycan və Ermənistanın sərhədlərini müəyyən edir və dövlətlərin sərhədləri toxunulmazdır. Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfi yoxdur. Bu azmış kimi, Qubadlı və Zəngilan istiqaməti ilə bərabər, bundan əvvəl və bu gün ərzində də Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan Azərbaycanın Tovuz, Qazax, Daşkəsən rayonları atəşə tutulub”, - deyə H.Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə