“Rusiya Ukraynada bataqlığa düşsə, ABŞ-a qarşı Çinlə ittifaq qura bilməyəcək” - BLÜMİNOV

Dünya

19.02.2022 - 10:24

Tanınmış analitik: “Heç kim “Qavrila prinsipi” effektini ləğv etməyib: hər hansı bir təsadüf nəticəsində bütün bugünkü söhbətlər mənasını itirəcək”

Rusiya Prezidenti Vladimir Putinin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra Ukrayna ətrafında vəziyyət qismən sabitləşib. Rusiya Krımdan və Ukrayna ilə sərhəddə yerləşən bir sıra rayonlardan ağır texnikasını geri çəkməyə başlayıb. Donbasda atışma olsa da, münaqişənin deeskalasiyası istiqamətində kursun götürüldüyü göz qabağındadır. Lakin buna baxmayaraq, bir sıra rusiyalı ekspertlər hesab edirlər ki, Rusiya bu mübarizədə qalib gəlib və Qərblə istədiyi mövzularda birbaşa danışıqlara nail olub.

AYNA baş verənləri tanınmış ukraynalı politoloq Aleksiy Blüminov ilə müzakirə edib.

- Ukrayna ətrafında vəziyyət sabitləşibmi, yoxsa hələ də deeskalasiya gözləmək olar?

- İndi Zelenski təzyiqlərə, həmçinin media isteriyasına tab gətirdi. Nə hərbi vəziyyət tətbiq etdi, nə də səfərbərlik etdi, hökuməti heç bir yerə köçürməyə başlamadı və s. Əksinə, Ukrayna hakimiyyəti həftəsonu az qala Ukrayna üzərindən beynəlxalq uçuşların qadağan edilməsinə səbəb olan lazımsız panika dalğalarını tədricən azaldır. Amma mən tam sabitləşmə əlamətlərini də görmürəm. Bununla belə, deeskalasiya əlamətləri üzdədir. Vəziyyət daha çox havada asılı qalıb. Almaniya kansleri Şoltsun Moskvaya son səfərindən, Bayden ilə Putin arasında bir saat davam edən danışıqlardan gördüyümüz kimi, bəzi pərdəarxası bazarlıqlar hələ də davam edir və görünür, son nöqtə qoyulmayıb. Bu baxımdan Rusiyanın Donbasdakı separatçı birləşmələri tanıması məsələsi də havada asılı qalıb.

Duma bu sənədi Putinə göndərərək, Qərblə danışıqların nəticəsindən asılı olaraq, ona son söz və manevr imkanı verdi. Əgər bu nəticələr Kremlə uyğun gəlsə, separatçıların tanınması məsələsi arxa planda qalacaq, danışıqlar yenidən uğursuzluqla nəticələnərsə, onlar bu rıçaq və bazarlıq arqumentindən istifadə etməyə davam edəcəklər. Eyni formulanı Qərb mediasının xəyali Rusiya işğalı ilə bağlı isteriyasına da aid etmək olar. Bütün düşünən insanlar başa düşürlər ki, məhz İNDİ və mövcud ŞƏRTLƏRDƏ Rusiyanın Ukraynanı işğal etməsinə ehtiyacı yoxdur - Kremlin hazırkı məqsədlərinə siyasi üsullarla kifayət qədər nail olmaq olar. Və siyasi arqumentlər tükənənə qədər silahlar susacaq.

Aydındır ki, Qərbin Rusiyanı Minskdən razılaşmalarından çəkilməkdə ittiham edə bilməsi üçün onu falstarta sövq etmək faydalıdır. Bununla belə, Moskvada kim otursa belə, onlar axmaq deyillər - əksinə, Kiyevi də eyni tərəfə itələyirlər. Ya Kiyevə Ukrayna üçün daha əlverişsiz şərtlərlə “Minsk-3” tətbiq etmək, ya da Ukraynanın Minsk prosesində iştirakı ilə bağlı olan Avropa sanksiyalarını ləğv etməyə çalışmaq üçün.

Düşünürəm ki, Pekin Olimpiadasının başa çatmasından və Si Tsinpinin ÇXR-in dünyadakı yeni rolu ilə bağlı gözlənilən proqram xarakterli çıxışından sonra biz Ukrayna mövzusuna marağın müvəqqəti azalacağını gözləməliyik. Dünya mediasının diqqəti bir müddət Şərqi Asiya məkanına yönələcək. Və bu, ABŞ-ın nə vaxt və hansı şəraitdə yenidən Ukrayna kartını oynayacağı Rusiya ilə Çinin yaxınlaşmasının dinamikasından asılı olacaq. Vaşinqton özlüyündə bunda maraqlı deyil. Yalnız Çini cilovlamaq və Moskva ilə Pekin arasında ittifaqın qarşısını almaq kontekstində müəyyən maraq var. Moskva Ukraynada böyük mənada bataqlığa düşərsə, ABŞ-la hipotetik münaqişədə Çinə kömək edə bilməyəcək. Burada Ukraynanın rolu mühümdür. Ukrayna və onun taleyi ilə maraqlanan ukraynalılardır, iri dövlətlər üçün biz sadəcə olaraq öz maraqlarını həyata keçirmək üçün alətik. Onların maraqlarını bizimlə eyniləşdirmək lazım deyil.

- Kreml hesab edir ki, danışıqlara nail olub. Bu danışıqlar nə dərəcədə nəticə verəcək?

- Düzünü desəm, konkret nəsə deməyə çətinlik çəkirəm. Ukrayna böhranının həlli cəhdləri prosesini müşahidə etdiyim son 8 il mənə tələsik nəticələr çıxarmamağı öyrətdi. Zelenskinin ilk dəfə “Ştaynmayer formulu”nu həyata keçirməyə necə razılaşdığını və hamının rahat nəfəs aldığını xatırlayın: deyirlər, budur, buz qırıldı. Amma bir neçə gündən sonra proses əks istiqamətdə getdi və bu gün Kiyevdə bu düstur yada da düşmür. Gərginliyin azaldılması istiqamətində bəzi real addımları görəndə nə isə danışa bilərik.

- Bəs Rusiyanın müvəqqəti güzəştə getdiyini və müharibənin qaçılmaz olduğunu hesab etmək olarmı?

- Mən nə Qərbdən, nə də Rusiyadan hansısa bir güzəşt görürəm. Rusiyada ənənəvi qış manevrləri keçirilib, bu manevrlər çərçivəsində hər il ölkə daxilində qoşunların hərəkəti həyata keçirilir. Qoşunların bu dəfə Ukrayna sərhədi yaxınlığında manevr keçməyə qərar verilməsi başqa sualdır və siyasi məsələdir. Təlimlər onsuz da olacaqdı. Yalnız Ukrayna sərhədi yaxınlığında deyil, məsələn, Uzaq Şərqdə və ya başqa bir yerdə. Manevrlər başa çatıb və qoşunlar daimi dislokasiya yerlərinə qaytarılır. Əmr olacaq və onlar yenidən kazarmadan irəli sürüləcəklər. Bəs ümumiyyətlə, güzəştlər haqqında nə demək olar? Siz heç vaxt müharibə olmayacağından araxayın ola bilməzsiniz. Sonda heç kim “Qavrila prinsipi”nin təsirini ləğv etməyib. Nə baş verə biləcəyini heç vaxt bilmirsiniz - hər hansı bir təsadüf nəticəsində bugünkü bütün söhbətlərimiz mənasını itirəcək.

Müəllif: Nicat Hacıyev