ABŞ Prezidenti sanksiyaları ləğv edən fərman imzalayıb
ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaları ləğv edən fərman imzalayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Ağ Evin mətbuat katibi Karoline Levitt jurnalistlərə bildirib ki, Amerika liderinin fərmanı “ölkənin sabitlik və sülhə gedən yolunu təşviq etmək və dəstəkləmək” məqsədi daşıyır.
Ötən ay Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdə Tramp bu ölkəyə qarşı sanksiyaların ləğv edildiyini açıqlamışdı. O Suriyanın yeni hakimiyyət orqanlarını müəyyən şərtləri yerinə yetirməyə çağırıb. Bunlara Suriyanın qonşuları, o cümlədən İsrail, eləcə də ABŞ ilə münasibətlərin normallaşdırılması daxildir.
Eyni zamanda Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri qeyd ediblər ki, sanksiyalar Suriyanın keçmiş Prezidenti Bəşər Əsədə şamil olunmağa davam edəcək.
Suriya daha əvvəl İsrailə qarşı ərazi iddialarından əl çəkmişdi. Ölkə münasibətlərin normallaşdırılması üzrə danışıqlar zamanı bundan sonra Qolan təpələrinin qaytarılmasını tələb etməyəcək.