Yanğınlardan 6-sı hələ də davam edir
Son bir neçə gün ərzində Türkiyədə 342 meşə yanğını qeydə alınıb, onlardan 6-sı hələ də davam edir. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaqlı deyib.
"Son günlər təhlükəsi yüksək olan 342 yanğın hadisəsi baş verib. Hazırda Adana vilayətində baş verən yanğın nəzarət altına alınıb. Manisa, İzmir və Hatay vilayətlərində 6 meşə yanğını hələ də davam edir. Yanğının yayılmasının qarşısı alınır”, - deyə nazir bildirib.
O qeyd edib ki, yanğınsöndürənlərin işini çətinləşdirən külək problemi hələ də qalmaqdadır, lakin son vaxtlar küləyin vaxtaşırı səngiməsi müşahidə olunur.
Ötən həftə başlayan yanğınlar ölkənin qərbində yerləşən bir sıra əyalətlərdə, şimal-qərb rayonlarında, eləcə də cənub sahillərində yerləşən əyalətlərdə, o cümlədən kurort zonalarında qeydə alınıb. Bu arada yanğın hələlik istirahət zonalarına və otellərə birbaşa təsir etməyib və turistlər üçün hər hansı mənfi nəticə barədə məlumat daxil olmayıb.