MSK sədri Ella Pamfilova deyib ki, referendumda ümumi fəallıq 65 faizə çatıb
Rusiya Federasiyasının Konstitusiya dəyişiklikləri üçün dünən keçirilən səsvermə bülletenlərinin 99,9 faizi sayılıb və nəticələr məlum olub. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Məlumata görə, səsvermədə iştirak edən rusların 77,93 faizi dəyişikliklərin lehinə, 21,26 faiz əleyhinə səs verib. MSK sədri Ella Pamfilova deyib ki, referendumda ümumi fəallıq 65 faizə çatıb.
Qeyd edək ki, Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsi iyunun 25-də başlayıb və dünən yekunlaşıb. Bu seçkilərdə səsvermə həm də elektron formada həyata keçirilib. Onlayn səsvermə Moskva və Nijni Novqorodda olub.
Konstitusiyaya təklif olunan düzəlişlər arasında Rusiya qanunvericiliyinin beynəlxalq baxımdan prioritet olması, dövlətin ildə ən azı bir dəfə pensiyaların indeksləşdirilməsi öhdəliyi, dövləti formalaşdıran rus xalqından bəhs edilən düzəlişlər, həmçinin hazırki ölkə başçısının növbəti müddət üçün yenidən namizəd olmaq, seçilmək hüququ da var. Dövlətin əsas qanununa təklif olunan bütün dəyişikliklər Konstitusiya Məhkəməsi, Dövlət Duması, Federasiya Şurası və Regional parlamentlər tərəfindən təsdiqlənib.