“Onlar nifrətlərində o qədər irəli getmişdilər ki…”

Maraqlı

06.01.2021 - 23:20

Yeni şüar aktualdır: “Ya sosializm, ya da bəxtimiz gətirsə, barbarlıq”

 

Əvvəllər düşünürdüm ki, həqiqəti söyləmək dərin və qaranlıq quyuya qışqırmaq qədər mənasız bir iş olsa da, quyunun dibindəki Yusif tək olmadığını, haradasa onu anlayan bir nəfər belə, olduğunu bilsin deyə, qışqırmağa davam edək. Amma bir də görürsən ki, quyuya qışqırmaq nəinki mənasızdır, hətta əksinə, təhlükəlidir də. Çünki quyunun dibindən gələn cavab Yusifin yox, Yusifi quyuya atan qardaşlarınındır. Dünyada da həqiqətin arealı getdikcə daralır və Xeyirlə Şərin mübarizəsi qeyri-bərabər şəraitə sürüklənir.

 

Məhşur koreyalı rejissor Kim Ki Dukun əsrarəngiz “Nəfəs” filmində belə bir cümlə var: “Sahiblənmək duyğun oyandıqca, öldürmə ehtirasın da şiddətlənəcək”. İllərlə özəl mülkiyyətin tənqidini müxtəlif mənbələrdən oxusam da, bu anlayışın nə dərəcədə problemə obyektiv yanaşma və mahiyyətinin nə qədər böyük olduğunu bu dərəcədə dərk edə bilməmişdim. İndi isə məsələ artıq aydındır. Xüsusən də demokratiya adı altında gizlənən Qərbin təsir altına aldığı ölkələrdə tökülən bu qədər qanın, alınan bu qədər canın kökündə özəl mülkiyyət, sahiblənmə duyğusu və bundan qaynaqlanan öldürmə ehtirası dayanırmış.

 

Sadəcə, ziddiyət ondadır ki, toplumların bir-birini qıran nümayəndələri yaxşı bilirlər ki, nəinki uğrunda döyüşdükləri, hətta hazırda sənəd üzərində də olsa, sahib olduqları torpaqların üzərində belə, heç bir mülkiyyət hüquqları yoxdur. Bu halda isə ortadakı bu boyda aqressiyanın səbəbini başa düşmək elə də çətin deyil. Dolub-daşan ümumi aqressiyanı başqa bir səmtə yönəltmək, toplum olaraq bütün düşmənçilik münasibətlərini həqiqi düşməndən yayındırıb, xəyali obrazlara sublimasiya etmək...

 

Sülhün alternativi müharibə olmaya da bilər, çünki sülh özü eksiztensial bir vəziyyətdir. Müharibə isə qondarma, sonradan kəşf olunmaqla yanaşı, həm də insan ekzistensiyasına ziddir. Sadəcə, tarixin artıq elə bir dönəmindəyik ki, seçim konkretləşib. Məhşur “ya sosializm, ya da barbarlıq” şüarının redaktəsi olan “ya sosializm, ya da bəxtimiz gətirsə, barbarlıq” xəbərdarlığını nəzərə alsaq, müzakirə mövzusu - region olaraq artıq bəxtimizin gətirib-gətirməyəcəyidir. Xüsusən də bölgəyə gələn sülhməramlılardan sonra bəxtimizin nə dərəcədə gətirib-gətirməyəcəyi sual altındadır.

 

Burada böyük mütəfəkkir, şair və filosof Mövlanə Cəlaləddin Ruminin “Məsnəvi”sində iki düşmən haqqında yer alan hekayəni xatırlamaq yerinə düşər. Çünki sözügedən hekayənin mövzusu günümüz və gələcəyimiz barədə ən möhtəşəm nümunələrdən biridir: “Onlar nifrətlərində o qədər irəli getmişdilər ki, artıq geriyə qayıtmağa imkanları yox idi. Gərək, bu yolla da getməyə davam etsinlər”.

Müəllif: Mərahim Nəsib