Yola salmaqda olduğumuz 2021-ci ilin ən önəmli hadisələrinin xronologiyası
2021-ci ili yola salmağımıza sayılı günlər qalır. Bu il ölkəmiz üçün bir sıra müsbət və mənfi məqamlarla yadda qaldı. 2020-ci ildə əldə edilmiş tarixi zəfərin ardından işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə start verildi. Üçtərəfli atəşkəs bəyanatının imzalanmasına baxmayaraq, bu il də şəhidlərimiz oldu. Qaraheybətdə helikopter qəzası zamanı isə 14 yüksək vəzifəli zabitimizi itirdik. Koronavirus pandemiyası bu il də davam etdi və minlərlə soydaşımızın həyatına son qoydu.
AYNA ilin vacib hadisələri ilə bağlı xronologiyanı təqdim edir:
5 yanvar - Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzaladı.
11 yanvar - Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi, yekunda Moskva bəyanatı imzalandı.
14 yanvar - Füzuli Beynəlxalq Hava Limanının, 26 apreldə Zəngilan Beynəlxalq Hava Limanının təməli qoyuldu. 12-13 may tarixlərində isə Şuşada Xarıbülbül Musiqi Festivalı keçirildi.
12 may - Azərbaycan-Ermənistan sərhəd böhranı başladı. Qaragöl istiqamətində başlayan böhran Rusiya sülhməramlı missiyasının işə qarışmasından sonra aradan qalxdı. Tərəflər arasında nisbi razılıq əldə olundu.
29 may - Bakı Metropoliteninin 8 Noyabr stansiyası istifadəyə verildi. Bununla paytaxtda metro stansiyalarının sayı 26-ya çatdı. Hazırda tikilən stansiyaların sayı 4, layihələndirilən stansiyaların sayı isə 5-dir.
4 iyun - Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında partlayış baş verdi. Nəticədə ikisi jurnalist, biri məmur olmaqla 3 nəfər həyatını itirdi. Həlak olanlara şəhid statusu verildi və onlar adları əbədiləşdirildi.
4-6 iyun - Bakıda növbəti Azərbaycan “Formula 1” yarışları keçirildi. Birinci yeri “Red Bull Racing” komandasının pilotu Serxio Peres, ikinci yeri “Aston Martin” komandasının pilotu Sebastyan Fettel qazandı.
12 iyun - Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Sonradan verilən xəritələrdə səhvlərin olduğu üzə çıxdı.
15 iyun - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etdi. Səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin daha da dərinləşməsini nəzərdə tutur.
3 iyul - Ermənistan Füzuli və Zəngilan rayonları üzrə 92 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bu xəritələrdə çoxlu səhvlərin olduğu məlum oldu.
4 iyul - Xəzər dənizində partlayış baş verdi. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən “Daşlı ada”da təbii şəkildə yanan palçıq vulkanı müşahidə olundu.
7 iyul - Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edildi. 14 iqtisadi rayon yaradıldı. İqtisadi rayonlardan biri Şərqi Zəngəzur, digəri isə Qarabağ iqtisadi rayonları oldu.
1-26 avqust tarixlərində fasiləsiz olaraq, demək olar ki, hər gün Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Düşmən cavab atəşi ilə susduruldu və geri çəkildi.
2-11 avqust - Türkiyə, Azərbaycan və Gürcüstanın xüsusi təyinatlı qüvvələri "Qafqaz Qartalı 2021" təlimləri keçirdilər. Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən təlimlərdə hər üç dövlətin hərbçiləri iştirak edirdi.
3-12 avqust tarixlərində, müxtəlif vaxtlarda Bakı ətrafında, Şamaxı, Ağsu, Quba, Qəbələ, Şəki, Şəmkir, Oğuz rayonlarında, Ceyranbatan su anbarının ətrafında meşə yanğınları qeydə alındı.
24 avqust-5 sentyabr - 2020 Yay Paralimpiya Oyunlarında azərbaycanlı idmançılar yüksək nəticə göstərdilər. Tokioda keçirilən yarışlarda 14 idmançı qızıl, biri gümüş, dördü bürünc medal qazandı.
29 avqust - Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, daha bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu. Prezident İlham Əliyev Şuşada birinci məhəllənin təməlini qoydu.
5-17 sentyabr - Füzuli Beynəlxalq Hava Limanında ilk uçuş həyata keçirildi. Laçında Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçirdilər. Konyada “TurAz Şahini – 2021” Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimləri həyata keçirildi.
7-8 sentyabr - Ağdam şəhəri minalardan tam təmizləndi. Şuşa şəhərinin əsas simvollarından biri olan İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edildi.
8-20 sentyabr - Azərbaycan-İran sərhədində silahlı insident oldu. Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları “Üç Qardaş – 2021” beynəlxalq təlimi keçirdilər.
27 sentyabr - İlk dəfə Anım Günü qeyd olundu. Saat 10:00-da Prezident İlham Əliyev xalqa müraciət etdi. Saat 12:00-da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Bakı şəhərində Anım yürüşü təşkil olundu.
29 sentyabr - Ümumi təhsil müəssisələrində, ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələrində əyani tədrisə start verildi. Bununla da koronavirus pandemiyası ilə əlaqədar distant təhsilə keçən tələbə və şagirdlər auditoriyalara döndülər.
4-6 noyabr - “COVİD-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirildi. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə baş tutdu və dünyanın nüfuzlu ictimai-siyasi xadimləri foruma qatıldı.
5 noyabr - Milli Məclis Zəfər Günü münasibətilə Amnistiya Aktı qəbul etdi. 16 mindən çox məhbusa şamil edilən amnistiya nəticəsində üç min məhbus azadlığa qovuşdu, digərlərinin isə cəzası yüngülləşdirildi.
8 noyabr - İlk dəfə Zəfər Günü qeyd olundu. Bakı şəhərində Zəfər yürüşü və flaşmob keçirildi. Qubada “Zəfər” zirvəsinə "Dəmir yumruq" ekspedisiyası təşkil olundu. Topxana meşəsinin bərpasına başlanıldı.
12 noyabr - Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalandı.
16 noyabr – Laçın-Kəlbəcər rayonu təmas xəttində baş vermiş anti-terror əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbi qulluqçusu şəhid oldu, 10 hərbi qulluçusu isə yaralandı.
26 noyabr – Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutdu. Yekunda Soçi bəyanatı imzalandı.
28 noyabr – Aşqabadda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XV Zirvə Toplantısı keçirilib. Azərbaycan, Türkmənistan və İran arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalandı.
30 noyabr – Xızı rayonu ərazisində, Qaraheybət aviasiya poliqonunda helikopter qəzası (Qaraheybət faciəsi) baş verdi. 14 nəfər şəhid oldu, 2 nəfər yaralandı. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.