May-iyun aylarında şəhər qarğaları aqressiv olurlar
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində bir qarğa yoldan keçən insanlara hücum edib. AYNA gürcü mətbuatına istinadən bildirir ki, qarğanın hücumu nəticəsində 5 nəfər qadın yüngül xəsarətlər alıblar.
Quşun hücumuna məruz qalan qadınlar xəstəxanaya müraciət ediblər. “5 nəfər qadın klinikamıza müraciət etdi. Onların yüngül xəsarətləri var idi. İlkin tibbi yardım göstərildikdən sonra evlərinə göndərildilər”, - deyə Tbilisidəki klinikadan bildirilib.
Mütəxəssislər söyləyirlər ki, may-iyun aylarında şəhər qarğaları aqressiv olurlar. Çünki bu aylarda qarğaların balaları uçmağı öyrənməyə başlayırlar ki, ana qarğalarda balalarını qorumaq instinkti güclənir. Ekspertlərin qənaətincə quşların bu növünün hücumu təhlükəli ola bilər, çünki qarğanın kifayət qədər kütləsi var və onlar insanların baş və göz hissələrini hədəfə alırlar. “Qarğa küçədə sizə hücum edərsə, qəfil hərəkətlər etməməyə çalışın, yavaş-yavaş həmin yerdən uzaqlaşın”, deyə mütəxəssislərdən biri deyib.