Səyahətimiz başqa bahara qaldı?

Maraqlı

07.08.2022 - 22:10

Avropanın hava limanlarında xaos yaşanır

Avropanın hava limanlarında hədsiz sıxlıq olduğunu, təhlükəsizlik yoxlamalarının saatlarla çəkdiyini və uçuşun bir neçə saatlıq gecikmə, hətta, təxirə salınma ehtimalının yüksək olduğunu bu ilin may ayından tez-tez eşidir və xəbərlərdə oxuyurduq. Məsələnin ciddiyyəti və yarada biləcəyi diskomfortu isə ancaq öz təcrübəmizlə duya bildik.

Hava yolları şirkətinin yer sayından daha artıq yer satması nəticəsində İsveçin paytaxtında təyyarəyə buraxılmadıq. Biz və bizim kimi 3 ailə daha.

Uzun müddət izahatsız saxlanıldıqdan sonra hava yolları şirkəti tərəfindən hava limanının mehmanxananasında gecələmə, axşam və səhər yeməyi kuponları, zərər çəkən adam başına görə 250 avro kompensasiya və getməli olduğumuz istiqamətdə növbəti uçuşa biletlə təmin olunacağımıza dair məlumatlandırıldıq (bu reportaj hazırlanarkən kompensasiyalar hələ ödənilməmişdi).

Bu hadisənin timsalında Avropada bu yay hava limanlarında yaranan xaosun səbəbini və uçuşlarla bağlı yarana biləcək axsamalarda sərnişinlərin haqlarını araşdırdıq.

Bir çox mənbələr hava limanlarındakı ləngimələrin və xidmətlərdəki axsamaların səbəbini kadr çatışmazlığı və pandemiya ilə bağlı məhdudiyyətlərin azaldılması, eyni zamanda tətil mövsümünün başlaması ilə səfərlərin sayının artması ilə izah edir. COVID-19 pandemiyası zamanı Avropada hava limanları təxminən 191000 işçini ixtisar edib.

2019-cu ildən bəri ilk dəfədir ki, baqaj keçid məntəqələrini, təhlükəsizlik və uçuş heyətlərini idarə etmək üçün kifayət qədər işçi yoxdur. Belə bir vaxtda hava limanlarında hələ də işləyən işçilər çətin iş şəraiti və pandemiya dövründə maaşların kəsilməsi ilə əlaqədar bir sıra tətillərə başladılar. Bir sözlə, kadr çatışmazlığı və sənaye mübahisələri beynəlxalq uçuşların bərpası ilə üst-üstə düşərək hava limanlarında belə bir vəziyyət yaratdı.

Bu səyahət xaosu nə qədər davam edəcək?

Təəssüf ki, qaynaqlar hələlik bu problemin sonunun görünmədiyini deyir. İşə götürmə tədbirləri davam etsə də, işçilərə təhlükəsizlik və baqaja nəzarət kimi səhalərdə təlimlər zaman alır. Sərnişinlərin sayı kadr imkanlarından çox artdıqca bu xaos ən az yayın sonuna qədər davam edəcək. Avropa hava limanlarının üçdə ikisində gecikmələrin qaçılmaz olacağı praqnozlaşdırılır.

Avropada və Avropadan səyahət edən sərnişinlərin isə Avropa İttifaqı qanunvericiliyində “Sərnişin hüquqlarının qorunmasına dair” qanunun mövcudluğundan xəbərdar olmalarında fayda var. Əgər uçuşunuz sizə öncədən xəbər verilmədən 3 saatdan artıq gecikib və ya təxirə salınıbsa, hava yolları tərəfindən kompensasiya alma ehtimalınız böyükdür. Bu kompensasiyanın sizə düşüb-düşmədiyinə dair məlumatı bir neçə sualı cavablayaraq ala biləcəyiniz fərqli saytlar var.

Xaosun davam etdiyi müddət ərzində uçuşunuzun gerçəkləşəcəyi hava limanını monitorinq etməyinizdə, sıralardakı sıxlığı və uçuş saatlarını nəzərə alaraq hava limanına hər zaman tövsiyə olunan kimi, 2 saat deyil, 3-4 saat öncədən getməyiniz tövsiyə olunur…

Salatın Şıxlinskaya,

xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az