“MİQ imtahanlarının nəticələri ləğv edilsin” tələbləri genişlənir: “Təhsil adına utancdır”

Cəmiyyət

20.07.2022 - 14:13

Həkimlər Klinikalar SEO Xidməti

Kamran Əsədov: “Övladlarımızın gələcəyini etibar etdiyimiz müəllimlərin işə qəbulu zamanı saxtakarlığa yol verilirsə, təhsil islahatları barədə danışmağa dəyməz”

Elşən Qafarov: “İmtahanlar bilərəkdən və məqsədli şəkildə çətinləşdirilir”

Sosial şəbəkələrdə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarının maddi maraq qarşılığında əvvəlcədən ötürülməsinə dair məlumatlar yayılıb. Hansı ki, test bankına daxil edilməsi üçün təqdim olunan orijinal sualların məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına zəmanət verilir.

Bununla bağlı sosial mediada yerləşdirilən video-paylaşımlardan sonra MİQ imtahanlarının keçirilməsinə məsul olan Azərbaycan Respublikasının Təhsil İnstitutu bəyanat yayıb. Bəyanatda bildirilir ki, sualların tərtibatı üçün cəlb olunan mütəxəssislərdən biri orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub.

İctimaiyyətdə hiddətlə qarşılanan bu qanunsuzluğa ölkənin müxtəlif ictimai təşkilatları, təhsil ekspertləri də kəskin etiraz ediblər. Onlar Təhsil Nazirliyini imtahanların nəticələrini ləğv etməyə və MİQ imtahanlarını yenidən keçirməyə çağırırlar. Nəticələrin ləğvi ilə bağlı çağırışlara isə Təhsil Nazirliyi hələlik reaksiya verməyib.

Təhsil eksperti Kamran Əsədov AYNA-ya açıqlamasında deyib ki, islahatçı adlandırılan kadrlar tərəfindən belə bir addımın atılması və ya buna göz yumulması ölkə təhsili adına utanc gətirir: “Gənc kadrlar yüksək vəzifələrə təyin ediləndə çoxlarımızda inam yarandı ki, idarəetməyə yeni nəfəs gələcək. Lakin biz nəyin şahidi olduq? Ortabab xarici universitetlərdə sertifikat alan kadrlar vəzifələrə gəldikdən sonra orta əsr təfəkkürü ilə idarəetməyə başladılar”.

“Təhsil strateji bir sektordur və elə bir ailə yoxdur ki, bu sahəyə bilavasitə aidiyyəti olmasın. Bir halda ki, övladlarımızın gələcəyini etibar etdiyimiz müəllimlərin işə qəbulu zamanı saxtakarlığa yol verilir, bu halda təhsil islahatları barədə danışmağa dəyməz. Bu məsələni ictimailəşdirəndə, gündəmə gətirəndə bizi linç edirdilər. Guya bizlər ölkə təhsilinin inkişafında maraqlı deyilik və ləkələməklə məşğuluq. Yayılan məlumatlar rəsmi təsdiqini tapandan sonra isə etiraf etmək məcburiyyətində qaldılar. Halbuki ona qədər yayılan video-kadrlar “Youtube”dan silinmişdi”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin sözlərinə görə, qanunsuzluqlar təkcə bununla yekunlaşmayıb: “Suallarda olan səhvlər, onların çətinləşdirilməsi və digər məqamlar bu qəbildəndir. Bütün bunlar göstərir ki, Təhsil Nazirliyi və tabeliyində olan Təhsil İnstitutu mərkəzləşmiş MİQ imtahanları keçirməyə qadir deyil. Mütəxəssis kimi cəlb etdiyi şəxslər də üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər. Çünki Təhsil Nazirliyi lazımi səviyyədə nəzarəti təmin etməyib”.

“Buna görə məsuliyyət ilk növbədə Təhsil İnstitutunun üzərinə düşür. Bu hal ölkə təhsili adına utanc gətirməklə yanaşı, imtahanların yenidən keçirilməsini qaçılmaz edir. Ortada yüzlərlə müəllimin hüququ pozulub və bunun da səbəbkarı Təhsil Nazirliyidir. Hansı ki, onlar imtahan suallarının hazırlanması, məxfiliyin təmin olunması misiyasını yüksək səviyyədə təmin etməli idilər. Yayılan video-sübutlardan sonra cəlb etdikləri hansısa mütəxəssisi günahkar çıxarmaqla məsuliyyətdən yayınmaq çıxış yolu deyil”, - deyə Əsədov söyləyib.

Əlavə edib ki, bununla yanaşı Təhsil Nazirliyinin gec də olsa etirafı təqdir olunmalıdır: “Təhsil hamının işidir. Təhsil naziri və Təhsil İnstitutunun direktoru obyektiv araşdırma aparıbsa, bunu təqdir etmək lazımdır. Bu kimi biabırçılıqlara birmənalı şəkildə son qoyulmalıdır. İmkan vermək olmaz ki, yüzlərlə vətəndaşın hüquqları pozulsun”.

Təhsil eksperti Elşən Qafarov isə AYNA-ya qeyd edib ki, MİQ imtahanları bilərəkdən və məqsədli şəkildə çətinləşdirilir: “Təsəvvür edin ki, nazirlikdə çalışan şəxslər özlərinin hazırladığı vəsaitlərin satışını təmin etmək məqsədilə sualları çətinləşdirirlər. Gələcəyin müəllimlərini məcbur edirlər ki, gedib onların tərtib etdikləri kitabları alsınlar. Bunun izahı yoxdur”.

“Əgər bir müəllim işə qəbul imtahanında bu cür hallarla qarşılaşırsa, gələcəkdə ondan necə tələb edə bilərik ki, ədalətli və düzgün işləsin?! Bu, biabırçılıqdır və Azərbaycan təhsili adına utanc gətirən hadisədir. Ya keçirin, ya da keçirməyin. Daha imtahan adı altında imitasiya etməyin”, - deyə mütəxəssis vurğulayıb.

Qafarov xatırladıb ki, neqativ hallar yalnız sosial mediada yayılandan sonra nazirlik bu məsələlərə reaksiya verir: “Təcrübədə dəfələrlə bunun şahidi olmuşuq. Diqqət yetirsək, görərik ki, bu videolar yayılanda nazirlik rəsmiləri təkzib etməyə çalışırdılar. Görəndə ki, artıq məsələ ictimailəşib, rəsmi səviyyədə etiraf etmək məcburiyyətində qaldılar. Bu, o deməkdir ki, məsələ ictimailəşməsəydi, heç bir reaksiya da olmayacaqdı. Nəticədə minlərlə pedaqoqun hüquqları pozulacaqdı. Bu biabırçılıqdan sonra imtahanları yenidən keçirmək, nəticələri isə ləğv etmək lazımdır”.

Müəllif: Azər Niftiyev

Pin up casino Pin-up casino giriş