Müəllimlərin işə qəbulu imtahanında nələr baş verir: <font color=red> Rəsmi və qeyri-rəsmi izahat</font>

Cəmiyyət

23.07.2019 - 15:54

İddialara görə, imtahan zamanı bəzi kompüterlər xüsusi olaraq kimlər üçünsə “rezerv” edilib

 

Bir neçə gündür Azərbaycan məktəblərində vakant yerlərə qəbul imtahanı keçirilir. Bunun üçün müəllimliyə namizədlər test imtahanından keçirlər. İmtahandan yaxşı bal toplayanlar da olur, az bal toplayanlar da.

 

Artıq imtahanların təşkilindən, gedişindən narazı olan namizədlər meydana çıxıb. Onlardan bəziləri, imtahan suallarını düz cavablandırdığı halda, kompüterdə səhv kimi göstərilməsindən, bəziləri imhatan suallarının çətinliyindən, bir qismi isə bəzi kompüterlərin xüsusi olaraq kimlər üçünsə “rezerv” edilməsindən şikayət edirlər.

 

AYNA-ya müraciət edən bir namizədin sözlərinə görə, zalda kompüter arxasına əyləşmək istəyəndə, nəzarətçi icazə verməyib ki, “bu kompüter işləmir, keçin digərində əyləşin”: “Bir neçə dəqiqə sonra isə həmin kompüterdə başqa bir müəllimliyə namizəd əyləşərək imtahanda iştirak etdi. Kompüter xarabdısa, onda niyə başqası əyləşir? Xarab deyildisə, mənə orada əyləşməyə niyə icazə vermədilər?”

 

Qeyd olunanlarla bağlı Təhsil Nazirliyinin (TN) mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AYNA-ya deyib ki, bu cür şikayətlər çox olsa da, ortada fakt yoxdur: “Hətta sosial şəbəkələrdə də imtahanlar müzakirə olunur. İmtahanların şəffaf keçirildiyini əminliklə deyə bilərəm. Hətta media nümayəndələri də imtahanın gedişatını izləyiblər. Zalda 22 müşahidə kamerası var. Bu vəziyyətdə kim saxtakarlıq edə bilər?!”

Təranə Xudabaxşiyeva