Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bayrama müsəlmanlar bayram namazı qılmaqla başlayıblar. AYNA-nın əməkdaşı azərbaycanın ən böyük kəndlərindn biri hesab edilən, Ağdaşın Ləki kəndindən bayram reportajı hazırlayıb.
Ağdaşın Ləki kəndinin özünəməxsus bayram ab-havası olur. Ləkililər bayram səhərini məsciddən gələn əzan səsi ilə açırlar. Azan səsini eşidər-eşitməz, hazırlaşıb məscidə tərəf yol alırlar. Bu gün də elə oldu.
Təxminən, 200 nəfərlik tutumu olan Məhəmmədəli məscidi namaz qılmaq istəyən yerli sakinlərlə dolub-daşırdı. Bir qrup insan isə məscidin həyətində dayanıb gələnləri qəbul edir, bayramlaşır və söhbətləşirdi. Artıq bayramın “simvollarından” hesab edilən bir neçə dilənçi də məscidin qapısında dayanıb gələnləri təbrik edir, dualar oxuyur və nəzir istəyirdi.
Bu izdihamın fonunda qurban kəsmək üçün məscidin həyətindəki tut ağacının altında dayanıb bıçaqlarını itiləyənlərdən var idi.
Onu da qeyd edək ki, kənd sakinləri bir-birini yaxından tanıdığı və istiqanlı olduğu üçün kənd yerində bayramlar çox yüksək şəkildə qeyd olunur. Əsas da bayram namazından sonra insanların qohum-qonşu evlərinə axışıb bayrmalaşmağa getməsinin ayrı gözəlliyi var.
Namazın vaxtı tamam olanda məscidin imamı hamını məscidə daxil olmağa səslədi. Əvvəlcə bayram namazının qılınması haqqında məlumat verdikdən sonra iki nəfərdən xəstələrə, yetimlərə və kasıblara maddi yardım etmək məqsədilə, məscidə gələnlərdən pul yığmağı xahiş etdi.
Kənd sakinləri bir-birini yaxından tanıdığı və sevdiyi üçün zarafatlarından da qalmırlar. Elə bu səbəbdən də həmişə pul yığmaq məsələsində bir “həngamə” baş verir. Çünki kimlərdən pul yığmaq xahiş olunsa, həmin adamlar o günün mövzusu olur. Zarafatlaşan kim, pulu öz cibinə qoyacaq deyə, ələ salan kim. Bütün bunlar da bayram ab-havasına xüsusi gözəllik qatan hadisələrdən olur.
Pul yığmaq prosesi başa çatandan sonra imamın rəhbərliyi ilə bayram namazına start verildi. İki rükətlik namaz, təxminən on dəqiqə çəkdi. Namazdan sonra imam minbərə çıxıb sonuncu dəfə bayram xütbəsini oxudu. Xütbə bitdikdən sonra müəzzinin təkbiri və Quran ayələrindən gətirdiyi sitatlarla namaza xitam verildi.
Sakinlər sevincək halda bir-birini təbrik edib, bayramlaşmağa başladılar. Hamının üzündən-gözündən təbəssüm yağırdı. İnsanlar bir günlük də olsa, problemlərini unutmuşdu, bəlkə də unutmağa çalşmışdı. Uşaqlar, qocalar, cavanlar bayramlaşa-bayramlaşa məsciddən çıxıb evlərinə, qurbanlarını kəsməyə tələsirdilər. Qurbanları kəsməyə tələsən imam da tez-bazar məsciddən çıxmağa hazırlaşırdı.
Haqqında danışdığım Məhəmmədəli məscdinin imamı və Yuxarı Ləki kənd dini icmasının sədri olan Tahir Hacıyevin bayramla bağlı təsərütları maraqlı oldu: “Bu gün kəndimizdə Qurban bayramı qeyd olunur. Kəndimizdə bayram ab-havası çox yüksəkdir, sakinlər bayrama çox yaxşı hazırlaşıblar. Sakinlərin əksəriyyəti qurbanlarını kəsib, ehtiyacı olanlara paylamaq üçün bir-birləri ilə, az qala “yarışa girirlər”. Digər bölgələrdən və xaricdən bayramla əlaqədər olaraq kəndimizə təşrif buyuranlar da var. Hamını bu əziz bayram münasibəti ilə təbrik edir, xalqımıza ruzi-bərəkət arzu edirəm. Allahdan kəsilən qurbanların, edilən dualarını qəbul olunmasını təmənna edirəm”
Bayramla əlaqədar olaraq yerli sakinlər də öz təəssüratlarını bölüşdülər. Kənd sakini Yusif Nəbiyev bütün Azərbaycan xalqını təbrik edəndən sonra bayramla bağlı danışdı: “Kəndimizdə əvvəlki illərə nisbətən bu il bayram daha yüksək səviyyədə qeyd olunur. Sakinlərin əhval-ruhiyyəsi çox yaxşıdır. Hamı bayram namazını qılmaq üçün məscidlərə axışır, bir-birlərini təbrik edirlər. Kəndimizin dünyada analoqu olmayan adət-ənənəsi var. Bayram günlərində bu özünü daha çox göstərir”.
Bayram münasibəti ilə kəndə gələn xarici qonaqların da təəssüratlarını öyrəndik. Xarici ölkədən gəlmiş qonaq Rövşən Əzizov da bayram ab-havasından razı qaldığını vurğuladı: “Hər il bayram münasibəti ilə kəndə qonaq gəlirəm. Hər dəfə də bayram coşqusunun əvvəlkindən daha yüksək olduğunu müşahidə edirəm. Yaşadığım ölkədə də bu bayrama yaxşı hazırlaşırlar, lakin kəndimizin bayram əhval-ruhiyyəsinin xüsusi yeri var. Bütün xalqımızın bayramını təbrik edirəm.”
Sakinlərin təəssüratlarını dinləyəndən sonra hamı kimi biz də qurbanımızı kəsdik, dualarımızı etdik. Allah kəsilən qurbanlarımızı, etdiyimiz duaları qəbul etsin!