Sənə hərdən məktub yazmaq olar?
Yağışlı bir gün. Boz şəhər və naməlum "Gürcü familiyası"... Söhbət nə dumanlı albion Londondan, nə də Qafqaz Seminariyasının məkanı Tiflisdən gedir. Bu, Anarın teleqramından yaranmış, Vaqif Səmədoğlunun "Gündə bir kərpic düşən ömür sarayından" səslənən, Emin Sabitoğlu melodiyası ilə yoğrulmuş Arif Babayevin XX əsr Bakısının hekayəsidir.
"Gürcü Familiyası"nın iki qəhrəmanı var - Əsmər və Oqtay. "Gün keçdi"də isə üç - Əsmər, Oqtay və Bakı. Bəlkə də, qəribə görünür bir şəhərin qəhrəmana çevrilməsi. Amma bu hekayənin başlanğıcı idi bu şəhər. Onların uzaq günlərinin itmiş açarı İçərişəhər. İtmiş günlər kimi sevgilərinin ünvanları da itərək yalnız tarixdə qala bilərdi:
"İçindən bayır şəhərə
Böyük şəhərə çıxan təəccübüm oğrularından qorxan cibim, ölüm ayağındadır indi
İçərişəhər..."
Əsmər ötən günlərinin yadigarını görəndə həyəcanlanır. Axı, burda təkcə Oqtay deyil, onun bütün ömrü - uşaqlığı, gəncliyi vardı:
- Oqtay, bu döngə mənə tanış gəlir. Elədir ki, var. Oduree bizim evdir.
- Yoxdur, söküblər evinizi...
- Nə ilə əvəz edəcəksiniz bunları, siz arxitektorlar?! Şüşə, beton, qutu-qutu modern evlərlə?!
Əsmərin son cümləsinin sadəcə bir cavabı vardı. Onu heç nə ilə əvəz etmək olmazdı, olmayacaq da - sevgiləri kimi. Bəs, Oqtayda necə?! Əsmər kimi itmiş günlərin həyəcanı vardı? Bunu heç özü də bilmirdi:
"İlk məhəbbətim deyildi, yox. Bir az xoşum gəlirdi ondan, vəssalam! Heç bilmirəm mənim ilk məhəbbətim olubmu… Yadıma gəlmir".
Ürəyi İçərişəhər olan Bakının özü də Əsmərin bir parçası idi. Çünki şəhərlər yalnız insanlara görə sevilmir. O da ömrümüzə hoparaq doğmalaşır. Və həmin doğmalığı insanlar sadəcə gözləri ilə deyil, əlləri, qəlbləri ilə hiss edə bilirlər. Filmin əvvəlində Oqtayın təsvir etdiyi qoca kimi. Əsmər isə beyninə və ürəyinə hopan bu duyğunu yuxularında tapmışdı:
"Guya, deyirmiş ki, itən əsərləri bütün bu vaxtı yuxusuna girib. Sən də mənim yuxuma girirdin. Sən, İçərişəhər, oxuduğumuz illər..."
"Bir axşam taksidən payıza düşən"də xatırlanan kibrit qutusunun sirri açılsaydı, Əsmər yağışlar yağanda yada düşəcək bir nağıl uydurmayacaqdı:
"Yadımda saxlamaq istəyirəm. Sonra tez-tez bu otağı yada salacam, cürbəcür nağıllar uyduracam".
İllər keçəndən sonra isə heç kim bu nağılı dəyişə biləcək gücə sahib deyildi. Nə hərdən “hə”nin yerinə “yox” deyən Oqtay, nə Əsmərə yuxu kimi görünən Bakı küçələri, nə də Oqtayın həyatına keçmişdən gələn Əsmərin özü...
Kamikadze - bu naməlum gürcü familiyası insanlara ötürülən əsas məktubun açarıdır. Heç vaxt təyyarələri geri dönməyəcək kamikadze kimi Əsmərlə Oqtayın itmiş günləri də geri qayıtmayacaqdı. Bəlkə də, "Kamikadzenin məktubu" Bakının ikinci dəfə bu hekayəni görməməsi üçün yazılıb. Ömrün günlərinin həyatımızın əsas limanından ayrılmamış arzularımızı dilə gətirməkdən çəkinməmək üçün.
"O vaxt sevmirdim onu, səni sevirdim" etirafını gec eşitməyib, içində kiçik bir ümid daşıyan kibrit qutusunu zaman qatarında məhv etməyək deyə. "Hərdən sənə məktub yazmaq olar? Hərdən, lap gec-gec" deyəcək qədər uzaqlaşmamaq üçün, əsla sevgimizin kamikadzesinə çevrilməmək üçün.
Bu, "Gün keçdi"nin "Kamikadzesinin məktubu"nun sətirləri idi. Həmin sətirləri dilləndirməyə çalışanınsa, yazını oxuyanlara elə "Əsmərsayaq" çox qısa məktubu var, istəyənlər içini sevgi ilə doldurar:
Nöqtələr, nöqtələr, nöqtələr...
Müəllif: Günel Natiqqızı,
AYNA üçün