Pandemiya kimsəyə aman vermir – <font color=red> FİLMİN SONU</font>

Mədəniyyət

01.07.2020 - 15:37

Karantin rejimi kino sektorunu iflic edib

 

Pandemiya zamanı Azərbaycanda bir çox sahələrdə olduğu kimi, kinematoqrafiya sahəsi də dərin böhranla üzləşdi: kinonun inkişafına yönəlik bütün böyük layihələr dayandırıldı, bu sahə ilə məşğul olan aktyorlar və digər mütəxəssislər tam işsiz qaldılar. Çoxları ailələrini dolandırmaq üçün haradan qazanc əldə etməyin yollarını tapa bilmədən, ayı necə başa vurmaq düşüncələri içərisində yaşayırlar.

 

Bunları AYNA-ya açıqlamasında, “Actors” agentliyinin diektoru və yaradıcısı Səbuhi Məmmədov deyib. Əlbəttə, koronavirus infeksiyası incəsənət fəaliyyətinin bütün sahələrinə mənfi təsir göstərib. Amma, Məmmədovun qeyd etdiyi kimi, "Film var - iş var, film yoxdur - iş yoxdur" prinsipi ilə yaşayan kinematoqrafiya sahəsində çalışan insanlar sosial baxımdan incəsənətin ən müdafiəsiz nümayəndələridir.

 

“Ölkəmizdə karantin rejimi elan olunandan bəri film çəkilişləri tam olaraq dayandırıldı. Bütün layihələr qeyri-müəyyən müddətə dondurulub. Belə acınacaqlı vəziyyət, həyatı və işi yalnız film istehsalı ilə əlaqəli olan insanlara çox pis təsir etdi”, - Məmmədov bildirib.

 

Onun sözlərinə görə, serialların istehsalı ilə bağlı vəziyyət tammetrajlı kino çəkilişlərindən qismən fərqlənir: “Xoşbəxtlikdən, televiziya seriallarının və TV-şoularının çəkilişi az da olsa, davam edir. Mövcud vəziyyətə baxmayaraq, son zamanlarda televiziya proqram setkasına aid bir neçə yeni layihə çəkilib. Bu, psixoloji amillər də daxil olmaqla, televiziya seriallarında çıxış edən aktyorlara böyük dəstəkdir. Heç kimə sirr deyil ki, aktyorların həyatı tamamilə çəkilişlərin üzərində qurulub”.

 

Agentlik rəhbəri qeyd edib ki, karantin səbəbindən “Actors”un fəaliyyəti də tamamilə iflic olub: “Biz azərbaycanlı aktyorların təkcə ölkəmizdə deyil, həm də xaricdə tanıdılması ilə məşğuluq. Pandemiya dövründə onlayn olaraq bir neçə kastinq keçirildi. Bunu tezliklə vəziyyətin dəyişəcəyi və aktyorların xaricə gedə biləcəyi ümidi ilə etdik. Ancaq təəssüf ki, işimiz hələ də öz bəhrəsini verməyib: sərhədlər bağlı qaldığı üçün bütün beynəlxalq layihələrimiz havadan asılı vəziyyətdədir”.

 

S.Məmmədov bu müddət ərzində kino sənayesi işçilərinə hər hansı yardım olub-olmaması məsələsinə belə aydınləq gətirib: “Rüstəm İbrahimbəyovun sədrliyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən bizə bəzi yardımlar edildi. Ancaq İttifaq böyük maliyyə qaynaqları olmayan ictimai bir qurumdur. Onların imkanı yalnız tamamilə ümidsiz vəziyyətdə olan kino işçilərinə maddi yardım etməyə çatdı”.

 

“Kinonun indiki acınacaqlı vəziyyətindən çıxış yolu yalnız dövlətin güclü dəstəyinə bağlıdır. Kino işçiləri bu çətin dövrü birlikdə keçirmək üçün bir araya gəlməlidirlər. Dövlətin bizə dəstək göstərəcəyinə çox ümid edirik. Çünki indi özümüzü və ailələrimizi təmin edə bilməyəcək qədər həyatımızın ən ağır dövrlərindən birini yaşayırıq”, - deyə “Actors”un təsisçisi vurğulayıb.

Müəllif: İradə Əsədova