Kasıblar üçün arzuolunmaz il və ya “Durum çox acınacaqlıdır”

İqtisadiyyat

25.05.2022 - 16:13

Qubad İbadoğlu: “Böhran öz arxasınca aclıq və səfalət gətirəcək, borclanma artacaq”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Rusiyanın Ukraynadakı müharibəsinin kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına səbəb olduğunu deyib: “Müharibə və qiymət artımı davam edərsə, qlobal ərzaq böhranı ola bilər”.

O, xüsusilə inkişaf etməmiş ölkələrdə müharibəyə görə ərzaq təhlükəsizliyinin daha ciddi təhdid altında olduğunu bildirib: “Əgər Ukraynadan ərzaq ixracı müharibədən əvvəlki səviyyəyə qayıtmasa, dünya uzun illər aclıqla üzləşə bilər. Ukraynada istehsal olunan və dünya ehtiyacının əhəmiyyətli hissəsini ödəyən günəbaxan yağı və bəzi taxıl məhsulları limanlar bağlandığı üçün ölkədən ixrac oluna bilmir. Bu, təklifi azaltmaqla yanaşı, qiymətləri artırır”.

Qeyd edək ki, BMT-nin məlumatına görə, qlobal ərzaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artıb.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu da Rusiyanın Ukraynaya hərbi təcavüzünün, eləcə də pandemiya və iqlim dəyişikliklərinin qlobal ərzaq çatışmazlığını xeyli gücləndirdiyini söyləyib:

- Bu sahənin ekspertlərindən biri BMT-yə bildirib ki, dünyanın cəmi 10 həftəlik buğda ehtiyatı qalıb. “The Economist” yazır ki, BMT-nin hesablamalarına görə, buğda ehtiyatlarının azalması 2008-ci ildən bəri ən aşağı səviyyədədir. ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı müharibə strategiyasının tərkib hissəsi kimi ondan asılı olan ölkələri buğda “girovluğunda” saxlamaqda günahlandırıb. Bildiyiniz kimi, illik 100 milyon tona qədər taxıl istehsalı gözlənilən Rusiya bu məhsulların ixracını iyunun 30-dək qadağan edib, Ukrayna istehsalı məhdudlaşdırıb, Qazaxıstan ixraca kvota, Çin və Hindistan müvəqqəti qadağalar tətbiq edib. Durum çox acınacaqlıdır.

- Qubad bəy, sizcə, baş verənlər hansısa güc mərkəzlərinin süni şəkildə yaratdığı böhrandır, yoxsa təbii sosial-iqtisadi?

- Fikrimcə, təbii sosial-iqtisadi böhrandır, çünki müharibədən öncə, pandemiya dövründə, eyni zamanda, ondan əvvəl iqlim dəyişikliklərinə görə belə narahatlıq qlobal miqyasda yaranmışdı. Sadəcə Rusiyanın Ukraynaya hərbi təcavüzü prosesi sürətləndirdi. Heç şübhəsiz, Qərb həm də bunu siyasiləşdirərək, Rusiyaya qarşı təzyiq vasitəsinə çevirə bildi. Qərb bunu Rusiya ilə informasiya müharibəsində alət kimi istifadə edir.

- Böhranın təsirləri özünü daha çox hansı tip ölkələrdə göstərəcək?

- Daha çox geridə qalmış, borc bataqlığında olan və inkişaf etməkdə olan ölkələrə təsir göstərəcəyini düşünürəm.

- Dünya ölkələri, o cümlədən BMT bu böhranın həlli üçün hansı addımları atmalıdır və ümumiyyətlə, buna qarşı addım atırmı?

- Ukrayna limanlarında qalan 25 milyon ton taxılın çıxarılmasına çalışırlar. Qısamüddətli dövrdə həll yollarından biri budur. Orta və uzunmüddətli dövr üçün həll yollarına qaldıqda isə bu, iqlim dəyişikliklərinin dünya dövlətləri tərəfindən rəsmiyyətə salınması və bununla bağlı təşəbbüslərin genişləndirilməsidir.

- Ərzaq böhran özü ilə nələr gətirəcək?

- Aclıq və səfalət gətirəcək. Borclanma artacaq.

- Azərbaycanda hazırda ərzaq qıtlığı problemi özünü ciddi şəkildə göstərməsə də, qiymət artımları çox sürətlə gedir. Bunu hansı amillərin təsiri hesab edirsiniz: dünyaya bağlı təbii sosial-iqtisadi qanunauyğunluğun, yoxsa süni müdaxilələrin?

- Hər ikisinin təsiri var. Hesab edirəm ki, süni qiymət artımları da inflyasiyada əhəmiyyətli və artırıcı rola malikdir. Bizdə davamlı qıtlıq olacağını gözləmirəm, amma kəskin bahalaşma qaçılmazdır. Xüsusilə də un və un məmulatlarının, hətta buğdadan alınan spirtli içkilərin, o sıradan da pivənin qiymətləri artacaq. Bu il, bir sözlə, kasıbın ili deyil. Odur ki, hökumət qlobal trendləri vaxtında və düzgün qiymətləndirməli, xüsusilə də aztəminatlı əhalinin effektiv sosial müdafiəsi və anti-inflyasiya istiqamətlərində əlavə tədbirlər həyata keçirməlidir. Hesab edirəm ki, hökumət təcili olaraq aqrar müşavirə keçirməli və hazırkı durumu dəyərləndirib, bu il üçün gözləntilərini və çıxış yollarını müzakirə etməlidir.

Müəllif: Aləmdə Nəsib